"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...
“Hakimiyyət 300 min azərbaycanlının Ermənistana köçürülməsi ilə bağlı sülh müqaviləsinin mətnində birbaşa qeydin olmadığını iddia etsə də, orada sırf bunun üçün nəzərdə tutulan hal var və bu barədə Paşinyanla Əliyev arasında razılaşmanın olduğu göz qabağındadır”. Belə bir fikir Ermnistanın “Qraparak” qəzetində yer alıb.
Qəzet qeyd edilənlərlə bağlı daha sonra yazır: “Beynəlxalq hüquqa görə, tərəflər dini, irqi və ya dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyinə təminat verir. Milliyyətindən asılı olmayaraq, onların mədəni hüquqları, dini ifadələri təmin edilməlidir. Yəni sətirlərin arasında belə deyilir: azərbaycanlılar Ermənistana gəlsələr, onları sıxışdırmağa cəsarət etməyin. Mənbələrimiz onu da bildirir ki, Paşinyan Əliyevin bu tələbini ən azı bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib və bu, “Vətəndaş müqaviləsi”nin bəzi üzvlərinin qarşı çıxdığı yeganə məqamdır. Bu məqam hələ də qaldığından, hakim qüvvə istisna etmir ki, etirazçılardan bəziləri də komandadan təcrid olunacaq və ya onların cığıltısının belə eşidilməməsi üçün qarşılarına ittiham kağızları qoyulacaq”. Baş verənlərə “Vətəndaş müqaviləsi”nin parlament fraksiyasının rəhbəri Hayk Konjoryan da münasibət bildirib. O qeyd edib ki, “Vətəndaş müqaviləsi”nin daxilində hansısa ziddiyyət yxdur: “Vətəndaş müqaviləsi”nin sıralarını tərk etmək niyyətində olan deputatlar yoxdur. Fraksiyada hər şey sakitdir, sükut hökm sürür. Fraksiya öz funksiyalarını yerinə yetirir və bundan sonra da yerinə yetirəcək. Xatırladım ki, 2018-ci ildən “Mənim addımım” fraksiyasının dağılması ilə bağlı mətbuatda və müxalifət dairələrində müxtəlif proqnozlar verilsə də, o çökməyib. Üç ildən artıqdır ki, “Vətəndaş müqaviləsi” fraksiyasının dağılacağını deyirlər, amma dağılmayıb və dağılmayacaq və öz funksiyalarını yerinə yetirəcək”. Amma “Qraparak” qəzeti yazır ki, bütün təkziblərə baxmayaraq, “Vətəndaş müqaviləsi”nin daxilində ciddi ziddiyyətlər var. Buna paralel olaraq, hakim partiya Rusiya ilə münasibətləri korlamaqda davam edir. Elə bu səbəbdən iddia edilir ki, Paşinyanın Azərbaycan və Türkiyənin himayəsinə daha çox ehtiyacı var. Qərbin uzaqda olduğunu da o yaxşı başa düşür: “Ermənistanın baş naziri Nikol Paşinyanın “Facebook” sosial şəbəkəsində son paylaşımlarından sonra onun Rusiyaya səfər etməkdən, MDB və Aİİ tədbirlərində iştirakdan yayındığı görünsə də, siyasi pərdə arxasında Rusiyanın da artıq Paşinyanı qəbul etmək üçün xüsusi istəyinin olmadığı barədə şayiələr dolaşır. Hətta Moskva onu ya KTMT-yə üzvlüyünü aktivləşdirməyə, ya da onu tərk etməyə çağırır.
Xatırladaq ki, Ermənistan bir ildən çoxdur ki, bu təşkilata üzvlüyünü dondurub. Onlar deyirlər ki, Rusiyada Paşinyanla Əliyevin təkbətək razılaşma formatında işlədiyini anlayıblar və ola bilsin ki, Paşinyan yaxın vaxtlarda “Zəngəzur dəhlizi”ni Əliyevin tabelyinə “qeyri-sülh” yolu ilə keçirsin. Buna görə də Moskvadakılar Rusiyanın Ermənistan qarşısında heç bir öhdəliyinin olmadığını əsas gətirərək Ermənistanı KTMT-dən çıxmağa çağırırlar”. Qəzet yazır ki, Azərbaycan üçün əsas məsələ Qərbi Azərbaycan faktorudur və Bakı bu istiqamətdə istəyinə nail olmaqda israrlıdır. Ərazi bütövlüyü və suverenliyimizin bərpasından sonra yaranan yeni reallıqlar fonunda Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışı yeni dövrün əsas hədəf və prioritetləri sırasındadır. Azərbaycan bunun sülh yolu ilə reallaşmasının tərəfdarıdır. Bu hədəfə nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal iş aparılır. Tarixi həqiqətlər, Azərbaycan tarixi irsinin Qərbi Azərbaycan torpaqlarından silinməsi ilə bağlı faktlar daha geniş auditoriyaya təqdim olunur. Qayıdış Konsepsiyasının bütün prinsipləri müvafiq platformalarda gündəmə gətirilir. Bu gün Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar. Amma prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi azərbaycanlılara da şamil edilməlidir. Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası başda olmaqla, digər nüfuzlu təşkilatlara ünvanlandığı müraciətlərdə də beynəlxalq ictimaiyyətdən bu məsələyə ədalətli yanaşma tələb olunur. Azərbaycan xalqı bu gün Zəngəzura, İrəvana və digər əzəli Azərbaycan torpaqlarına getmək kimi tarixi hüququnu beynəlxalq birlik qarşısında qaldırır. Zorla didərgin salınmış dədə-baba yurdlarına geri qayıtmaq hər kəsin haqqıdır. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Bu istiqmətdə dövlət tərəfindən də müvafiq işlər görülür. Onu da xatırladaq ki, Ötən il yanvarın 26-da Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin olunması barədə Qayıdış Konsepsiyası qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Samirə SƏFƏROVA