Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...
Əkrəm Həsənov: "Banklar da öz mənfəətini, gəlirini düşündüyü üçün kredit verərkən düzgün təhlil aparmır"
Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda bildirilir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,5 % çoxdur.
Məlumata görə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,4 %, son 1 ildə isə 12,8 % artıb.
Dekabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət noyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il dekabrın 1-nə isə 1,9 % olub.
Ekspertlər hesab edir ki, problemli kreditlərin həcminin artmasına səbəb bankların istehlak kreditlərinə daha çox yönlənməsidir. İstehlak kreditləri də risqli kreditlər hesab olunur, çünki müddəti az, faizi isə çox olur. Belə olduğu halda, vətəndaşlar bəzən bir bankdan götürdüyü krediti digər bankdan kredit götürməklə bağlayır. Həm bu məsələ, həm də ümumilikdə faizlərin yüksək olması problemli kreditlərin artmasına səbəb olur.
"Problemli kreditlərin həcminin artmasına səbəb bankların istehlak kreditlərinə üstünlük verməlidir"
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov "Bakı -Xəbər"ə şərhində bildirdi ki, son zamanlar vaxtı keçmiş kreditlərin həcmi artıb. Buna səbəb bankların istehlak kreditlərinin verilməsinə üstünlük verməsidir. İstehsal kreditləri ilə yanaşı, sahibkarlara verilən kreditlərin həcmi də artır: "Məlumdur ki, ölkədə sosial iqtisadi vəziyyət get-gedə pisləşir. İnsanların gəliri azalır, qiymətlər artır. Bu səbəbdən də kredit ödənişində problem yaranır. Banklar da öz mənfəətini, gəlirini düşündüyü üçün kredit verərkən düzgün təhlil aparmır. Hətta bəzi banklar belə bir reklam mətni paylaşır ki, "gəlir haqqında sənəd lazım deyil, gəl rahat kredit götür". Bu reklam mətnlərinin məqsədi odur ki, kredit götürənlərin sayı artsın. Bu kimi faktlar problemli kreditlərin həcminin artmasına səbəb olur. Kreditlərin vaxtında qaytarılmaması kredit götürənlərin maddi durumunun zəif olması ilə bağlıdır. Eyni hal sahibkarlarda da müşahidə olunur. İnhisarçılar orta və kiçik sahibkarları sıradan çıxarır, onlar ödəniş edə bilmir. Bu proses daha da aktivləşəcək”.
Günel CƏLİLOVA