Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...
Ölkənin xarici ticarət dövriyyəsinin 75 faizi və ya 21 milyard dolları Rusiya ilə bağlı dövriyyədir
Ermənistanın postsovet ölkələri arasında böyük həcmdə iqtisadi artım göstəricilərinə nail olması sıravi vətəndaş üçün muəmmalı görünə bilər. Amma bu, mütəxəssislər üçün gün kimi aydındır. Bəlkə də bu cür imkanların olduğu bir şəraitdə Ermənistan iqtisadiyyatı gözləniləndən daha zəif templə irəliləyir.
Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin analoji dövrünü 54% ötüb. Bu barədə Ermənistan Respublikasının Statistika Komitəsi məlumat yayıb. Göstərilən dövr ərzində Ermənistanın xarici ticarət dövriyyəsi 28 milyard 179,6 milyon dollar təşkil edib. Bu ilin 11 ayında ixrac 73,9% artaraq 12 milyard 307,8 milyon dollar təşkil edib. Bu ilin 11 ayı ərzində idxal ötən ilin müvafiq dövrünü 41,5% üstələyərək 15 milyard 871,8 milyon dollar təşkil edib.
Yanvar-noyabr aylarında erməni dramının ABŞ dollarına nisbətdə orta məzənnəsi 392,38, noyabrda isə 388,97 dram təşkil edib.
Bəli, ölkənin xarici ticarət dövriyyəsi ABŞ, Avropa, Rusiya və Avrasiya İqtisadi İttfaqının yaratdığı imkanlar hesabına aybaay genişlənir. Ermənistanın bu ilin 12 ayında reallaşdırdığı 28 milyard dollarlıq xarici ticarət dövriyyəsinin 15 milyard dolları, yəni 53,6%-i Rusiyanın payına düşür. Bununla yanaşı, Ermənistan bu ilin 11 ayı ərzində Rusiyaya satmaq üçun xaricdən 6 milyard dollarlıq çip idxal edib. 28 milyonluq xarici ticarət dövriyyəsindən 15 milyardlıq Rusiyanın payını və 6 milyardlı çip idxalının dəyərini çıxsaq, Ermənistanın cəmi 7 milyard dollarlıq qeyri-rus xarici ticarət dövriyyəsi qalır. Yəni Ermənistanın bu gün öyünduyu 28 milyardlıq xarici ticarət dövriyyəsinin 21 milyard dollar və ya 75%-i yalnız bir ölkə, Rusiya ilə bağlıdır. Hansı ki, bu gün Paşinyan həmin ölkənin rəhbərliyi ilə "siçan-pişik" oynayır.
Bu gün Ermənistan Rusiyanın hərbi texnika istehsalında distribüterlik edən bir biznesmenə bənzəyir. Noyabr ayının statistik göstəricilərinə əsasən, Ermənistan dünya üzrə çip və digər elektiron sxemlər satışına görə dördüncü yeri tutur.
“The New York Times” qəzeti yazır ki, 2023-cü ilin martında ABŞ və Avropa İttifaqının məmurları Rusiyaya ixrac olunması qadağan edilən milyonlarla dollar dəyərində texnologiyaların Rusiyaya tədarük edilməsi barədə məlumat mübadiləsi həyata keçirib.
Məlumata görə, sözügedən ölkələrin texnologiyaları Rusiyaya əsasən Ermənistan vasitəsilə satılıb. Onların sözlərinə görə, Rusiya, hətta qanadlı raketlərin istehsalı üçün vacib olan mikrosxem və digər elektron komponentləri əldə etməyə nail olur. Rusiyanın daha sonradan bu qanadlı raketlərlə Ukraynaya zərbələr endirdiyi iddia olunur.
Bununla yanaşı, Rusiya silahları barədə araşdırma aparan “Conflict Armament Research” qrupunun sənədlərinin birində deyilir ki, Ermənistan 2022-ci ildə 2021-ci illə müqayisədə ABŞ-dən 515%, Aİ-dən isə 212% daha çox çip və prosessor idxal edib. Ermənistanın daha sonradan bu məhsulların 97%-ni Rusiyaya ixrac etdiyi bildirilir.
Nəşrlərin xəbərindən aydın görünür ki, bu məsələdən ABŞ və Qərb də xəbərdardır. Çünki bu nəşrlər və araşdırma qrupu Amerika və Avropa hökumətlərinin kurasiyasındadır, onların ayırdığı vəsaitlər hesabına maliyyələşdirilir. Bununla belə, Ermənistana "gözün üstə qaşın var" deyən yoxdur. Bir tərəfdən Rusiyaya Ukraynaya hücum etdiyinə görə sanksiya tətbiq edirlər, digər tərəfdən isə Ermənistanın vasitəsilə Rusiyanın silahlanmasına şərait yaradırlar ki, Moskva Kiyevi daha intensiv bombalaya bilsin. Arada itirən Ukrayna, qazanan isə Ermənistan olur.
Akif NƏSİRLİ