Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...
Azər Həsrət: “Kəndlərdə geniş çaplı mədəniyyət mərkəzləri qurmaqla kitabxanaların üzləşdiyi problemləri həll etmək olar”
Kənd kitabxanalarının bir çoxunun ləğv olunacağı ilə bağlı söz-söhbətlər var. İddialara görə, kənd kitabxanaları bağlanacaq.
“Kənd kitabxanalarının birləşdirilməsi yaxşı ideya deyil”
Mövzu ilə bağlı müxtəlif suallar ətrafında BDU-nun kitabxanaçılıq fakültəsinin məzunu, Əməkdar jurnalist Azər Həsrətlə söhbətləşdik.
- Azərbaycanda 4500 kənd var və bunların hamısında da kitabxanaları ləğv etmək mümkündürmü?
- İxtisasca kitabxanaçı olsam da, təəssüflər olsun ki, heç vaxt bu sahədə işləməmişəm. 30 ilə yaxındır jurnalistikadayam. Bununla belə, bu sahə ilə əlaqələrimi kəsmirəm, maraqlanıram, açığını deyim ki, bir kitabsevər, bir kitabxanasevər kimi bu sahədə olub-bitənləri mütləq diqqətdə saxlayıram.
Kənd kitabxanalarını ləğv etmək olmaz. Ümumiyyətlə, hansısa bir kitabxananın ləğvi, bağlanması düzgün addım deyil.
- Kitabxanaları necə qorumaq olar?
- Sadəcə olaraq, ən ucqar kəndlərdəki kitabxanaları belə müasirləşdirmək, yeni texnologiyalarla təmin etmək lazımdır. Elə etmək lazımdır ki, həmin kitabxanalar oxucuları, insanları, özəlliklə də yetişməkdə olan nəsli öz ətrafına toplaya bilsin. Burada yeniliklərə açıq olmaq və yeni yanaşma tələb olunur. Bunları edə biləcəklərsə, bəli, o kitabxanaların yaşamaq haqqı da tanınacaq və uzunömürlü olacaq.
- Həqiqətən də kənd kitabxanalarında istifadəçilər o qədər də çox deyil. Amma bu əsas verirmi ki, bütün kəndlərdə kitabxana ləğv olunsun?
- Kənd kitabxanalarının istifadəçiləri çox ola da bilməz. Çünki kənd yerlərində bir qayda olaraq əhali sayı az olur. Elə kəndlər var ki, 100, 200, 300 nəfər əhalisi var, onların da, təbiidir, hamısı oxumur, kitabxanaya da getmir. Üstəlik də, kitabxana da o qədər geniş və cəlbedici olmur. Ona görə də o məsələnin təşkili bir qədər çətindir.
- Çıxış yolu nə olardı?
- Əslinə qalanda, biz çıxış yolu haqqında düşünmüşük. Hətta mənim dəfələrlə müəyyən adamlara təkliflərim də olub ki, kənd yerlərində kitabxanaları təkbaşına xilas etməyək, bu bir az çətin olacaq. Ancaq kəndlərdə geniş çaplı mədəniyyət mərkəzləri qurmaqla kitabxanaların üzləşdiyi problemləri həll etmək olar.
- Söhbət nədən gedir?
- Böyük bir bina tikilir, o bunada müvafiq dövlət qurumu da, bələdiyyə nümayəndəliyi də, kəndlərdəki feldşer-mama məntəqəsi də, poçt da yerləşir, əlavə olaraq da ora mədəniyyət sarayı kimi fəaliyyət göstərir. Yəni konsertlər, tamaşalar üçün böyük zalı olur. Eyni zamanda o mədəniyyət mərkəzinin bir yanında da kitabxana yerləşir. Belə olarsa, kompleks şəkildə kitabxanaları da xilas etmək olar.
- Kitabxana ən azı maarifçilik məbədidir, maarifçilik simvoludur. Bunun tamam ləğv edilməsi cəmiyyətə nə verər?
- Əlbəttə ki, kitabxana maarif ocağıdır, maarif məbədidir, onu ləğv etmək bizim cəmiyyətə müsbət heç nə qazandırmayacaq. Dediyim kimi, kitabxanaları qorumaq, onları müasir texnologiyalarla təmin etmək, cəlbediciliyini artırmaq lazımdır.
- Bəzən kənd kitabxanalarında peşəkar kadr çatışmazlığı məsələsi də gündəmə gətirilir. Belə başa düşürük ki, bütün bu işləri həyata keçirmək üçün peşəkar kadrların olması da tələb olunur. Siz nə düşünürsünüz?
- Sözsüz ki, bunun üçün peşəkar kadrlara ehtiyac var. Aydın məsələdir ki, kəndlərin əksəriyyətində kitabxanalarda işləyənlər bir qayda olaraq bu sahənin adamları olmurlar. Yəni bu qədər kadr yoxdur. Tutalım, 4500 kitabxanadan danışırıqsa, hər kənddə kitabxanaçılıq fakültəsini bitirmiş bir kadr yoxdur. Yaxud indiki adı ilə Humanitar Kolleci bitirmiş bir nəfər yoxdur. Bilirsiz, orda da əvvəllər kitabxanaçılıq ixtisası üzrə təhsil verilirdi. Kənd kitabxanalarının kadr problemləri də var. Kadrlarının hazırlanması üçün, əlbəttə, daha aşağı səviyyəli müəssisələr üçün peşə hazırlığı kursları təşkil etmək olar. Təbiidir ki, bunu ixtisasdəyişmə ilə də etmək olar. Əlimizdən gələni etməliyik ki, kənd kitabxanaları qorunsun. “Heç kim kitab oxumur, ona görə də bağlayaq getsin” heç zaman çıxış yolu deyil.
- Bir neçə yaxın kəndin kitabxanasının birləşdirilməsi nə dərəcədə çıxış yolu sayıla bilər?
- Kənd kitabxanalarının birləşdirilməsi yaxşı ideya deyil. Çünki kəndlər bir qayda olaraq bir-birindən aralı olur, aralarında bəzən üç, bəzən beş, bəzən ona kilometr məsafə var. Bu kitabxanaları birləşdirəndə artıq oxucuların gəlib kitabla maraqlanmasını əngəlləmiş olacağıq. Kiçik də olsa hər kəndin öz kitabxanası olmalıdır. Yəni kənd əhalisi bilməlidir ki, onların bir kitabxanası var, gedib orda kitab da oxuya, kitabı götürüb evə də apara, yaxud müzakirələr təşkil edə bilərik. Kitabxanaları canlandırmaq üçün kənd ziyalalılarını kitabxanaların ətrafına toplamaq lazımdır. Yəni həftədə, ayda bir dəfə kitabxanaya gəlsinlər, bir əsər barədə müzakirə aparsınlar. Bunu da kənd kitabxanasıçı təşkil edə bilər. Əlbəttə, burada onun maraqlı olması əsasdır.
- Bu kitabxanalarla parelel keçid mərhələ üçün virtual kitabxanalar yaratmaq olarmı?
- Kəndlərdə virtual kitabxana yaratmağa ehtiyac yoxdur. Niyə? Ona görə ki, virtual kitabxanalar mövcuddur. Elə bizim ölkəmizdən danışırıqsa, Axundov adına Milli Kitabxana virtual olaraq da əlçatandır, dünyanın istənilən tərəfindən oxucular onun fondunda olan kitabları oxuya bilər. Əlbəttə, tam olmasa da, xeyli sayda əlçatan virtual kitablar var. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bu sahədə heç bir problemi yoxdur, virtual kitabxanası əlçatandır. Bundan savayı, kimin üçün maraqlıdırsa, misal üçün Avropanın, Amerika Birləşmiş Ştatlarının, ayrı-ayrı ölkələrin kitabxanlarını onlayn izləyə bilər, ordan ədəbiyyat endirib onlayn istifadə edə bilər. Ona görə də hər kənd üçün bir vitual kitabxana quraq, buna ehtiyac ümumiyyətlə yoxdur, bu gərəksiz xərcdir.
Tutalım, bir kəndin kitabxanasında beş min kitab var və onu virtuallaşdırıb internetə yüklədiniz və o kəndin camaatı üçün giriş imkanı verdiniz. Sonra? Amma bir də var ki, Axundov adına Kitabxananın bütün fondu hər kəs üçün hər yerdə əlçatandır. Təbiidir ki, kənd kitabxanalarında olan üç-beş min kitab da Axundov adına Milli Kitabxananın Fondunda var. O varsa artıq kənd kitabxanalarını virtuallaşdırmaq lazım deyil. Ona görə də, kənd kitabxanalarının virtuallaşdırılması çıxış yolu deyil. Ən yaxşısı ənənəvi kitabxananı daha uyğun bir şəkildə qorumaqdır. Dediyim kimi, kənd yerində kitabxana təkcə bir kitab alıb oxumaq yeri olmamalıdır, ora başına yığmalıdır, insanları maraqlandırmalıdır. Xüsusən də uşaqları cəlb etməlidir ki, insanların kitabla təması davamlı olsun.
İradə SARIYEVA