Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...
Suriyada 13 illik vətəndaş müharibəsi nəticəsində rejimin hakimiyyətini itirməsindən sonra Bəşər Əsəd və həyat yoldaşı Moskvaya sığındı.
Suriya administrasiyası bu ilin mayında elan etmişdi ki, o vaxtkı birinci xanıma sümük iliyində və qanda əmələ gələn aqressiv xərçəng növü olan kəskin miyeloid leykemiya diaqnozu qoyulub.
Əsma Əsəd əvvəllər döş xərçəngindən müalicə almışdı və 2019-cu ilin avqustunda bir illik müalicədən sonra xəstəlikdən tamamilə sağaldığını açıqlamışdı.
Hazırda onun xəstəliyinin yenidən baş qaldırdığı bildirilir. Britaniyanın "The Telegraph" qəzetinin xəbərinə görə, devrilmiş lider Əsədin həyat yoldaşı Əsma Əsədin ağır leykemiya xəstəsidir və həkimlər 50 faiz sağalma şansının olduğunu bildiriblər.
Britaniya əsilli Əsma Əsəd infeksiyanın qarşısını almaq üçün təcrid olunub, başqa insanlardan uzaq tutulur və onun olduğu otağa heç kim buraxılmır. Onun atası Favaz Axrasın da Moskvada qızının yanında olduğu bildirilir.
Son həftələrdə ailənin bir nümayəndəsi ilə birbaşa əlaqə saxlayan mənbə “Əsma ölür. Otağına heç kim buraxılmır” deyib. Moskvadakı ailə ilə təmasda olan başqa bir mənbə isə deyib: “Leykemiya geri qayıdanda çox pis olur. Son bir neçə həftədir ki, vəziyyəti ağırdır".
Suriya və Britaniya vətəndaşı olan 49 yaşlı Əsma Əsədin Dəməşqin süqutundan bir müddət əvvəl müalicə üçün Moskvaya getdiyi güman edilir.
TAHİR