Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...
Elyar İslamoğlu: “Polisin əxlaqızlığı təbliğ edən tiktokerləri həbs etməsi xəbəri cəmiyyət tərəfindən təqdir edilir”
Son illər bir qrup meydana çıxmışdı ki, onlar “TikTok” sosial şəbəkəsində müxtəlif çirkin işlərlə məşğul olurdular. Onların açdıqları canlı yayımlar, etdikləri çıxışlar, əxlaqdan kənar davranışlar ictaimiyyətin haqlı narazılığına səbəb olurdu. Əlbəttə, Azərbaycan ictimaiyyəti milli əxlaqımıza yad davranan bu kimi “tiktokerlərin” cəzalandırılmasını istəyirdi.
Mətbuatda yayılan məlumata görə, televiziya aparıcısı Azər Zahid (İsmayılov) və daha bir neçə tiktoker polis tərəfindən saxlanılıb.
Qeyd olunur ki, onlar “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığın təbliğində ittiham olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılanlar arasında “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılovdan başqa, “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri Emin və Rəşad Abdullayev qardaşları və digərləri var:“Vətəndaşların narazılığına səbəb olan hərəkətlər “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir”.
Mətbuatda yazılır ki, "TikTok" sosial şəbəkəsində əxlaqsızlığı təbliğ edən şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirləri davam edir.
Onların öz hesablarında cəmiyyətdə birmənalı qarşılanmayan müxtəlif hərəkətlər edərək baxış sayları ilə diqqət mərkəzinə düşməyə çalışdıqları məlumdur. Artıq bu kimi əməlləri törədən bir neçə sosial şəbəkə istifadəçisi hesablarını bağlayıb.
Xatırladaq ki, vətəndaşların narazılığına səbəb olan "emin_resad" və "azerzahid6669966" adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Mətbuatda qeyd olunur ki, Azər İsmayılov bu cür yarışları daha əvvəl də Binəqədi rayonu, 7-ci mikrorayon, S. S. Axundov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzilində təşkil edirmiş. Daha əvvəl də "Təkərdə şou" adı altında bu cür yarışmalar təşkil edən Azər İsmayılovla bina sakinləri arasında bir neçə dəfə mübahisələr yaranıb. Onun bu cür hərəkətlərindən çoxsaylı şikayətlər olub. A.İsmayılova polis əməkdaşları tərəfindən bir neçə dəfə xəbərdarlıq da edilib. Amma bu xəbərdarlıqlara məhəl qoymayıb.
Eyni zamanda, “TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla da kütləvi paylaşımlar edilir.
DİN-in Mətbuat Xidmətindən mətbuata bildirilib ki, polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür.
Belə ki, Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini "TikTok” sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb.
Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir
Bu arada özünü “şairə” və “tiktoker” kimi qələmə verən, efirlərdəki və sosial şəbəkələrdəki əxlaqdan kənar davranışları, danışıqları ilə ciddi tənqid olunan İlhamə Elşadqızının da saxlanıldığı bildirilir.
Cəmiyyətdə əxlaqsızlığı təbliğ edən tiktokerlərin polis tərəfindən saxlanılmasını ictimaiyyət təqdir edir. Bu adamların saxlanılmasını alqışlayanlar çoxdur və insanlar bu barədə sosial şəbəkələrdə fikir bildirirlər ki, xalqın ürəyindən keçən addımı atdığı üçün sağ olsun Azərbaycan polisi. Əlbəttə, polisin ictimai narazılığı nəzərə alaraq bu addımı atması ölkədə müsbət qarşılanır.
“İctimaiyyət onların əxlaqdan kənar davranışlarından, başqa-başqa hərkətlərindən çox narazı idi”
Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, polisin məlum tiktokerləri saxlaması ictiamiyyətin, ziyalıların, sosial şəbəkə istifadəçilərinin də mövqeyi ilə üst-üstə düşür. “Mətbuatda və sosial mediada tiktokerlərin saxlanılması ilə bağlı çoxsaylı xəbərlər yayıldı. Polisin əxlaqızlığı təbliğ edən tiktokerləri həbs etməsi xəbəri cəmiyyət tərəfindən təqdir edilir. İctimaiyyət onların əxlaqdan kənar davranışlarından, başqa-başqa hərkətlərindən çox narazı idi.
Mən özüm də bu məlumatları oxuyanda çox sevindim ki, nəhayət, bunların qarşısı alındı. Çünki son vaxtlar “TikTok” üçün çəkilən videolar istər-istəməz digər sosial şəbəkələrdə bizim də qarşımıza çıxır. Təbii, bu bizi narahat edirdi, çünki o videolarda tərbiyəsizlik, əxlaqsızlıq təbliğ olunurdu. Çox istərdim ki, bundan sonra “Tik Tok” a ciddi nəzarət davam etsin. “TikTok”da məqsədli şəkildə yarışmalar təşkil edən şəxslər nəzarətə götürülsün. Eyni zamanda “Tik Tok” sosial şəbəkəsi artıq çirkli pulların yuyulduğu məkana çevrilir. Çünki bu oyunlara atılan hədiyyələrin qiymətinin 500, 1000 manat olduğu deyilir. Hətta bəzən on minlərlə, yüzminlərlə manat dəyərində olan hədiyyələr atıldığı iddia olunur. İlk baxışdan bu pulların çirkli pullar olduğu diqqətdən qaçmır. Bu pulun mənbəyi, onları xərcləyənlərin bu qədər pulu hardan əldə etdiyi araşdırılmalıdır”.
E.İslamoğlu bildirdi ki, bəzi tiktokerlərin orada qara əməllərlə məşğul olması barədə iddialar da var və bu iddialar da araşdırılmalıdır. O hesab edir ki, təkcə “Tik Tok”a deyil, digər sosial şəbəkələrə də hər zaman nəzarət olunmalıdır. “Müxtəlif qruplar, müxtəlif səhifələr nəzarətə götürülməlidir, çünki o qruplarda, o səhifələrdə əxlaqsızlıq təbliğ olunur”-deyə ekspert bildirdi.
Leyla QARAXANLI