Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...
Arzuxan Əlizadə: “Düşünmürəm ki, hakimiyyət Zurabişvilinin həbs edilməsinə getsin”
Məlum olduğu kimi, Gürcüstanda siyasi proseslər səngimir. Bu arada Euronews kanalının yaydığı məlumata görə, Tbilisidə xüsusilə azərbaycanlılar, ermənilər və digər milli azlıqlar da ölkədə dərin siyasi islahatlar tələbi ilə birlik aksiyasına qoşulurlar.
Yəni Qərb təbliğatı artıq Gürcüstanda milli azlıqların da bu prosesə qoşulduğunu geniş şəkildə təbliğ etməyə başlayıb. Həmçinin milli azlıqları da bu prosesə təşviq etmək istəyirlər.
Gürcüstanda bu və ya digər siyasi proseslərlə bağlı AMİP sədri, millət vəkili Arzuxan Əlizadəyə bir sıra suallar ünvanladıq.
- Qərbin Gürcüstanda milli azlıqların da bu prosesə geniş şəkildə qoşulduğunu təbliğ etməkdə, onları bu prosesə təşviq etməkdə məqsədi nədir?
- Məqsəd odur ki, növbəti rəngli inqilab vasitəsilə Gürcüstanda seçilmiş hakimiyyəti devirsinlər. Ümumi, əsas məqsəd budur. Çünki etiraz aksiyalarında iştirak edənlərin sayının az olması onları narahat edir. Qərb istəyir ki, Gürcüstanda digər millətlərin nümayəndələri də aksiyalara qoşulsun. Halbuki, Gürcüstan azərbaycanlıları hər zaman dövlətçilik maraqlarından çıxış edərək bu kimi təxribatlardan uzaq durmağa çalışırlar.
- Məlum olduğu kimi, səlahiyyətləri bitmək üzrə olan prezident Salome Zurabişvili “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişvilini dekabrın 29-da görüşə çağırıb, amma o, bundan imtina edir. Sizcə, İvanişvili görüşə niyə getmir?
- İvanişvili ona görə görüşə getmir ki, danışıqların müsbət nəticələnəcəyinə inanmır. Əmindir ki, Zurabişvili geri addım atmayacaq və yeni seçki tələbində israr edəcək. Çünki Zurabişvilinin arxasında Qərbin müəyyən dairələri dayanır. Digər tərəfdən, İvanişvili ehtiyat edir ki, hansısa güzəştə getsə, proseslər onun əleyhinə işləyəcək. Onsuz da Qərb bütün vasitələrlə onlara təzyiq edir. Bu səbəblərdən danışıqlardan yayınır.
- Dekabrın 29-da İvanişvili görüşə getməsə, yeni prezidentin andiçməsindən sonra Zurabişvili həbs ediləcək, yoxsa edilməyəcək?
- Düşünmürəm ki, Gürcüstan hakimiyyəti Zurabişvilinin həbs edilməsinə getsin. Bu, onlara əlavə gərginlik və problem yaradacaq. Onsuz da Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili həbsdədir. Növbəti eks-prezidenti həbsxanaya atmaq hakimiyyətin zərərinə işləyəcək, o üzdən düşünmürəm ki, buna getsinlər.
- Qərb ölkələri bundan sonra Gürcüstana nə kimi sanksiya tətbiq edə bilərlər?
- Qərb ölkələri Gürcüstana maliyyə yardımlarını, qrantları məhdudlaşdırıblar. Növbəti mərhələdə Gürcüstana yönəlik viza sistemini sərtləşdirə bilərlər. Münasibətlər daha da gərginləşsə, bir neçə səlahiyyətli gürcü rəsmisi sanksiyalar altına düşə bilər. Onların Qərb ölkələrinə səfərləri məhdudlaşdırıla bilər.
- Rusiyaya tətbiq edilən sanksiyaların Gürcüstana da tətbiqi nə dərəcədə realdır?
- O dərəcədə olacağını düşünmürəm. Çünki Gürcüstan Rusiya deyil, kiçik dövlətdir.
- Avropa ilə münasibətlər hədsiz dərəcədə kəskinləşsə, Gürcüstan bu ölkədən keçən qaz kəmərlərinə maneçilik törədə bilər?
- Gürcüstan buna getməz. Ona görə ki, bu, Gürcüstanın ziyanına olacaq. Həm tranzit ölkə olaraq gəlirləri azalacaq, həm də region dövlətləri olan Türkiyə və Azərbaycanla münasibətlər soyuqlaşacaq. O üzdən, Tbilisi buna getməz.
Vidadi ORDAHALLI