Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?
Şəmsəddin Əliyev: “Əsasnaməsinə dəyişiklik edilən qurumlar hesabat yox, məlumat verməli olacaqlar”
Prezident İlham Əliyev bir sıra qurumların əsasnaməsinə dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də “hesabat” sözü “məlumat” sözü ilə əvəz edilir.
Bundan başqa, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də “hesabat” sözü “məlumat” sözü ilə əvəz ediləcək.
Maraqlıdır, bu dəyişikliyin qurumların ümümi işində nə kimi rolu olacaq?
“Hesab edirəm ki, bürokratik baxımdan hesabat verilməsi düzgün deyil, doğru məlumatın çatdırılması daha münasibdir”
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyev bəzi qurumların əsasnaməsinə dəyişiklik edib. Dəyişiklik edilən qurunlardan biri də Daxili İşlər Nazirliyidir: “Daxili İşlər Nazirliyinin fəaliyyəti, vəzifələrini, funksiyalarını ehtiva edən məlumatlar azdır. Adıçəkilən qurumlar öz işini görərkən mütləq mənada ölkə konstitusiyasına, qanunlara, o cümlədən beynəlxalq normalara uyğun şəkildə fəaliyyət göstərir. Qurumların əsasnaməsində “hesabat” sözü “məlumat” sözü ilə əvəz edilib. Daxili İşlər Nazirliyinin əsasnaməsinə görə, məlumatlar əldə edilməli, məlumat verilməlidir. Bu dəyişiklik o deməkdir ki, əsasnaməsinə dəyişiklik edilən qurumlar hesabat yox, məlumat verməli olacaqlar”.
Həmsöhbətimiz hesab edir ki, cinayətkarlıqla mübarizədə Daxili İşlər Nazirliyi məlumat verir. Daxili İşlər Nazirliyi müxtəlif sahələr üzrə aidiyyəti qurumlara məlumat verir: “Hesab edirəm ki, bürokratik baxımdan hesabat verilməsi düzgün deyil. Doğru məlumatın çatdırılması daha münasibdir”.
Günel CƏLİLOVA