Ermənistanın keçmiş fövqəladə hallar nazirinə 4 il 5 ay iş kəsildi
Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyan 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar Antikorrupsiya Cinayət Məhkəməsi tərəfindən qəbul edilib.
Məlumata əsasən, A.Piloyan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə böyük məbləğdə rüşvət alma, həmçinin, əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə böyük məbləğdə dələduzluq ittihamları ilə təqsirli bilinib.
O, köməkçisinin vasitəsilə nazirliklə əməkdaşlıq edən bir şirkətdən böyük məbləğdə rüşvət alıb. Köməkçisinin kabinetində aparılan axtarış zamanı silah və sursat aşkarlanıb.
Qeyd edək ki, Andranik Piloyan 2022-ci ilin 31 martında, hələ nazir vəzifəsində olarkən həbs olunmuşdu. Bu, Ermənistan tarixində fəaliyyətdə olan nazirin ilk həbsi idi. Oktyabr ayında A.Piloyan 36,5 min dollar məbləğində girov qarşılığında həbsdən azad edilmişdi.