Minimum istehlak səbətimiz dəyişdirilir - yeni hansı qidalar daxil ediləcək?..
Natiq Cəfərli: “Minimum istehlak səbətinin tərkibi yenidən təsdiq edilməlidir”
Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq. Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib. O bildirib ki, İşçi Qrupun son görüşü 2021-ci ildə olub və 2025-ci ildə yenidən görüş planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə təsdiq edilib. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə hesablanır. Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə 2014-cü ildə yenilənib.
Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Xatırladaq ki, mövcud minimum istehlak səbətinin tərkibinə əsasən, məsələn, əmək qabiliyyətli əhali üçün illik adambaşına 136,8 kiloqram (kq) çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 32,9 kq ət və ət məhsulları, 150 ədəd yumurta və s. nəzərdə tutulub.
Görəsən, istehlak səbətində hansı dəyişikliklərə ehtiyac var? Səbətə yenidən baxılarkən nəyə diqqət edilməlidir?
“Yaşayış minimumunun hesablanması ilə bağlı qaydalar köhnəlib, yenilənməsinə ehtiyac var”
Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yaşayış minimumunun hesablanması ilə bağlı qaydalar köhnəlib, yenilənməsinə ehtiyac var: “Bir sıra ölkələrdə ildə bir dəfə teatra, hətta səfərə getmək minimum istehlak səbətinə daxil edilir. Bizdə isə minimum istehlak səbətində bu yoxdur. Ona görə də minimum istehlak səbətinin tərkibi yenidən təsdiq edilməlidir. Mövcud minimum istehlak səbətinin tərkibində internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Məsələn, 4 nəfərlik ailə götürsək, adambaşına 15 dəqiqə internetdən istifadə düşür. Müasir insan isə gün ərzində 15 dəqiqədən çox internetdən istifadə edir. Birdən-birə yeni hesablama qaydalar gətirilsə, yaşayış minimumunun məbləği daha böyük olsa, yoxsulluq səviyyəsində ciddi artım ola, minimum əməkhaqqının qaldırılmasına ehtiyac yarana bilər”.
Günel CƏLİLOVA