“Tərtər işi"nə görə general Bəkir Orucova bəraət düşür?..
Rövşən Məhərrəmov: “Mən istərdim ki, biz generalımızı itirməyək, o bəraət alsın”
"Tərtər işi" ilə bağlı məhkum edilmiş general-mayor Bəkir Orucov kassasiya şikayəti verib. Məlumata görə, Orucov barəsindəki ittihamedici qərarın ləğv edilməsini istəyir.
General ərizəsində şikayətin dəlilləri barədə ətraflı məlumat verib. O, Ali Məhkəmədən bəraətinə qərar verilməsini xahiş edir.
General Orucovla birgə məhkum edilmiş mayorlar Ülvi Rəşidov və Rahib Məmmədov da eyni tələblə kassasiya şikayətləri veriblər.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bəkir Orucova 6 il 6 ay, Ziya Kazımov və Ülvi Rəşidova 9 il 2 ay, Rahib Məmmədova isə 6 il 2 ay azadlıqdan məhrumetmə cəzası verilib.
“Tərtər işi"nə görə general Bəkir Orucova bəraət düşürmü?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hörmətli generalımız Bəkir Orucovun Ali Məhkəməyə kasasiya şikayəti verib, bəraət qazanmasını istəməsi onun konstitusion hüququdur: “General barədə deyə bilərəm ki, onu uzun illərdir tanıyıram. Azərbaycan ordusunun yaranmasının ilk günlərindən ordu quruculuğunda müstəsna xidmətləri olub. Az bir müddətdə Müdafiə Nazirliyinin mühafizə briqadasının komandir müavini vəzifəsində xidmət edib. Yəni o briqadaya nümunəvi zabitlər təyin olunur. Ümumiyyətlə, bütün sülhməramlı qüvvələrin hazırlanmasını və digər vəzifələri təşkil edirdi. Bu “Tərtər işi” ilə bağlı məhkəmə oldu və məhkəmənin qərarı ilə Bəkir Orucov cəzalandı. Amma unutmayaq ki, Bəkir Orucov uzun yol keçib, şəxsi heyət, əsgərlər, zabitlər, gizirlər arasında böyük nüfuza malik olan generalımızdı. Öz gücü ilə səngərlərdə xidmət edə - edə general rütbəsinə layiq görülüb. Mən istərdim ki, biz generalımızı itirməyək, o bəraət alsın. Yəqin ki, Ali Məhkəmə Bəkir Orucovun xidmətlərini, çəkdiyi əziyyətləri nəzərə alacaq. Bu gün onun həyat yoldaşı ağır onkoloji xəstədir. Güman edirəm ki, ona bəraət verilsə, bütün onu tanıyanlar sevinəcək. Digərlərindən fərqli olaraq, bütün vəzifələrdə hər zaman zəhməti ilə işləyən bir generalımızın bəraət almasına Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti də sevinər. Məhkəmə prosesində çox qaranlıq məqamlar oldu və Bəkir Orucovun vəkillərinin çıxışından bəlli oldu ki, ona şər - böhtan atılıb. Vəkillər öz sübutlarını ortaya qoysa da, onu məhkum etdilər. Mən bir daha istərdim ki, bəraət təmin edilsin”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Məhəmmədəli QƏRİBLİ