COP29-da iştirak edəcək nümayəndə heyəti üçün tarif portalı istifadəyə verildi
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcəyi təsdiqlənmiş nümayəndə heyətləri üçün http://cop29.services tarif portalını istifadəyə verilib.
Trend xəbər verir ki, bu barədə COP29-un “X” sosial media hesabında qeyd edilib.
Bildirilib ki, portal COP29 zamanı nümayəndə heyətlərinə göstərilən logistika və planlaşdırma xidmətlərini sadələşdirmək üçün yaradılıb.
"Bu resurs tədbir üçün lazım olan mebel, audiovizual avadanlığın və canlı yayım xidmətlərinin icarəsi variantlarını müqayisə etməyə, habelə logistik əməliyyatları daha rahat və mütəşəkkil şəkildə həyata keçirməyə imkan verən interfeysə malikdir", - deyə əlavə edilib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.