Türkiyə və Türkmənistan arasında rüşvət qalmaqalı...
Türkmənistandan işləmək üçün qonşu Türkiyəyə getmək istəyənlərin sayı çoxaldıqca yeni gərginlik də baş qaldırır. Gedənlərin əksəriyyəti tələbə adı ilə ölkədən çıxmaq istəsələr də, sərhəd buraxılış məntəqələrində ciddi problemlərlə üzləşirlər. Məsələ burasındadır ki, tələbə adı altında ölkəni tərk etmək istəyənlərin yaşı həttda 50-ni belə haqlayır. “Xronika Türkmənistan”ın müxbirləri xəbər verir ki, avqustun 12-də Medipol özəl tibb universitetində təhsil almağa gedən 20 tələbə saat 18.40-da uçan Aşqabad-İstanbul reysinə buraxılmayıb. Onlarda tələbə vizası və təhsil haqqının ödənilməsini təsdiq edən sənədlər, gənclərin isə hərbi xidmətdən möhlətlə bağlı sənədləri olub.
Miqrasiya Xidmətinin əməkdaşları səyahət qadağasının səbəbini açıqlamayıblar. Bəzi tələbələrin sözlərinə görə, polis əməkdaşları onlara yaxınlaşaraq 2000 dollar müqabilində “problemi həll etməyi” təklif ediblər.
Türkiyədəki təhsil müəssisələrində Türkmənistandan gələn tələbələrə nəzarətin gücləndirildiyi də bildirilir. Xüsusilə, onlarla müsahibə aparılır, davamiyyətləri yoxlanılır. Tələbə vizası ilə ölkəyə gələn və daha sonra təhsilini yarımçıq qoyub işə başlaması qeyri-adi deyil. Məsələn, keçən həftə 50 yaşlarında iki kişi tələbə vizası ilə Aşqabaddan İstanbula uçub. Bu vəziyyət isə həqiqi tələbələrin xaricə çıxmaq imkanlarını da süni əngəl halına gətirib çıxarır. Belə görünür ki, yaxın günlərdə bu məsələ ətrafında qalmaqal və gərginlik getdikcə böyüyəcək.
Mətləb Salahov