Avtomobil sığortaçılarının "Xalq" və "Bakı" sığortadan əsas tələbləri nədir...
İlkin İbrahimov: “Avto icbari sığortada şikayət adətən qiymətlə, zərərin çıxarılması ilə bağlı olur"
Azərbaycan Mərkəzi Bankı (AMB) son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkətlərin adını açıqlayıb.
Avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət 2.85 indeksi ilə "Bakı Sığorta" olub.
Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında "Xalq Sığorta" 2.84 indeksi ilə növbəti dəfə ikinci olub.
Ümumiyyətlə, son dövrlər sığorta şirkətləri ilə müştərilər arasında problemlər, çəkişmələr, qarşılıqlı narazılıqlar tez-tez baş verir. Xüsusən də avtomobil sahibləri sığortadan intensiv şəkildə şikayətlər edirlər. Beləliklə, avtomobillərin icbari sığortası ilə bağlı şikayətlər artır.
“Əsas tələb isə zərərin qiymətləndirilməsidir”
Sığorta üzrə ekspert İlkin İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, Mərkəzi Bank avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə hər ay şikayət indeksini açıqlayır: “Şikayət indeksində əsasən ən çox sığorta edən sığorta şirkəti və ən çox şikayət edilən sığorta şirkəti götürülür. Bunlar bir-birinə bölünür və ortaq rəqəm alınır. Ortaq rəqəmdən sonra da bunlar açıqlanır. Hazırda göründüyü kimi, “Bakı Sığorta” ən az avto icbari sığorta edən sığorta şirkətidir. Görünür ki, ən çox şikayət də “Bakı Sığorta”dan olub. Ona görə də sığortaçı sayını, sığorta olunan avtomobil sayını və şikayəti bir-birinə böləndə bu gəlib ön plana çıxıb. Bu məsələ nədən ibarətdir? Bu, əsasən müştəri məmnuniyyəti ilə bağlı məsələdir. Belə görünür ki, avto icbari sığortada şikayət adətən qiymətlə, zərərin çıxarılması ilə bağlı olur”.
İ.İbrahimovun qeyd etdiyinə görə, 2011-ci ildən sığorta haqları qalxmır, digər tərəfdən, kompensasiyanın verilməsi zamanı da görürük ki, artıq bu neçə ildə əmlaka dəymiş ziyan üzrə 5 min manatlıq sığorta kompensasiyası var. “Digər tərəfdən, sağlamlığa dəymiş ziyan üzrə də 50 min manatlıq sığorta kompensasiyasıdır. Görünən odur ki, kiçik sığorta şirkətləri əllərini daha möhkəm sıxır. Ona görə ki, bunların sığorta portfelləri, məbləğləri daha azdır. Sığorta kompensasiyası zamanı da, belə görünür ki, onlar ödənişlərdə daha möhkəm olmağa çalşırlar. Problem də adətən belə məsələlərdən qaynaqlanır. Əsas tələb isə zərərin qiymətləndirilməsidir”-deyə İ.İbrahimov bildirdi.
İradə SARIYEVA