Teleşouların pul yığan aparıcılarına cinayət işi açıla bilər?..
Əliməmməd Nuriyev: “Sosial xarekterli verilişlərdə bəzən hüquqa zidd fikirlər səslənir”
Məlum olduğu kimi, ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Telekanal rəhbərlərinin nəzərinə çatdırılıb ki, qısa zamanda verilişlərlə bağlı biabırçılığa son qoyulmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyalar tətbiq olunacaq.
Məlumata görə, cəmiyyətin narazılıq etdiyi populyar sosial verilişlərin fəaliyyəti prokurorluq orqanları tərəfindən araşdırılır. Bu məqsədlə bəzi aparıcılar prokurorluğa dəvət olunub və onlardan izahat alınıb. Prokurorluq ilk növbədə verilişlərdə yığılan pulun məbləğini və əldə olunan vəsaitin hansı təyinat üzrə xərcləndiyini araşdırır.
Danılmaz faktdır ki, bəzi televiziya verilişlərində müalicə və digər adlarla əhalidən pul yığılır. Zamanla telekallarda hansısa şəxsin müalicəsi üçün yığılan vəsaitin təyinatı üzrə xərclənməməsi barədə mediada məlumatlar yayılıb.
Bu kimi verilişlərdə müxtəlif adda pul yığılma ilə bağlı cinayət işi açıla bilərmi?
“İanələrlə bağlı qaydalara əməl olunmazsa, verilişlərdə pulun toplanılması qeyri-qanuni sayılır, bu da Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məsuliyyətə cəlb olunma deməkdir”
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, telekanallarda nümayiş olunan sosial xarekterli verilişlərdə müxtəlif məqsədlə pul yığılır. Hansısa şəxsin müalicəsi, ailə münaqişələri ilə bağlı problemin həll olunması üçün müəyyən məbləğdə vəsait toplanır: “Məlumat üçün deyim ki, vəsaitlərin toplanması ilə bağlı xüsusi qaydalar var və onlara əməl olunmalıdır. Vəsaitin toplanılması ianə sayılır. Onu da deyim ki, ianələrin verilməsi ilə bağlı xüsusi qanun var. Qanunvericiliyin tələbinə uyğun olaraq ianə verən şəxslərin kimliyi bəlli olmalıdır. Həmçinin, ianənin deyildiyi qaydada xərclənməsi sübut olunmalıdır. İanələrlə bağlı qaydalara əməl olunmazsa verilişlərdə pulun toplanılması qeyri-qanuni sayılır, bu da Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məsuliyyətə cəlb olunma deməkdir”.
Ə.Nuriyev bildirdi ki, sosial xarekterli verilişlərdə bəzən hüquqa zidd fikirlər səslənir. Danılmaz faktdır ki, bu tip verilişlər ya detektiv fəaliyyətlə məşğul olur, ya da məhkəmələri əvəz edir: “Bir sözlə, sosial xarekterli verilişlər ictimai rəyə təsir etməyə çalışır. Səlahiyyəti olmayan şəxslərin detektiv kimi çıxış etməsi, insanların taleyi ilə bağlı fikir bildirməsi qanuna ziddir. Məlum proqramlarda bu kimi məsələlərə nəzarət olunmalıdır. İnsanların hüquq və azadlıqları pozulmamalıdır, vətəndaşlar linç edilməməlidir, şəxsiyyət təhqir olunmamalıdır. Ola bilər ki, kimsə mənəviyyatdan uzaq hərəkət edib, ancaq o veriliş təşkilatçılarının, aparıcıların ixtiyarı yoxdur ki, həmin şəxsi mühakimə etsin. Şəxs haqqında məhkəmənin qərarı olmadan heç kimin ixtiyarı yoxdur ki, vətəndaşı cinayətkar elan etsin. Təəssüf ki, sosial xarekterli verilişlərdə bu qaydalara əməl olunmur”.
Günel CƏLİLOVA