İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...
“The Jerusalem Post” qəzeti yazır ki, İsrailin “Nagel” Komitəsinin müdafiə büdcəsi və təhlükəsizlik strategiyası ilə bağlı hazırladığı hesabatda Türkiyə ilə mümkün müharibə ehtimalına diqqət çəkilir və bildirilib ki, Təl-Əviv rəhbərliyi Türkiyə ilə birbaşa qarşıdurmaya hazır olmalıdır.
Komitənin hazırladığı hesabat baş nazir Netanyahu, müdafiə naziri Yisrael Katz və maliyyə naziri Bezalel Smotriçə təqdim edilib. Türkiyənin Osmanlı dövründə nüfuzunu bərpa etmək arzusu ilə hərəkət etdiyi iddia edilən hesabatda bu vəziyyətin İsraillə gərginliyin artmasına və hətta münaqişəyə çevrilə biləcəyi qeyd edilir.
Hesabatda Suriya müxalifət qruplarının Türkiyə ilə ittifaq quraraq İsrailin təhlükəsizliyinə yeni və güclü təhdid yaratması risqinin olduğu iddia edilir.
Baş nazir Netanyahunun göstərişi ilə qurulan “Nagel” Komitəsinin hesabatında yaxın 5 ildə müdafiə büdcəsinin illik 15 milyard şekel (təxminən 4,14 milyard dollar) artırılması tövsiyə edilir.
Netanyahu isə ona təqdim edilən hesabatla əlaqədar bildirib ki, Yaxın Şərqdə köklü dəyişikliklərin şahidi oluruq: “İran uzun müddətdir ki, bizim üçün ən böyük təhlükədir, lakin arenaya yeni güclər daxil olur və biz gözlənilməz vəziyyətlər üçün hazır olmalıyıq".
Türkiyə ilə mümkün müharibəyə hazırlıq üçün hərbi imkanların gücləndirilməsinin vacibliyi qeyd edilən hesabatda vurğulanıb ki, uzaqmənzilli zərbə imkanlarını gücləndirmək üçün əlavə F-15 döyüş təyyarələri, yanacaq dolduran təyyarələr, pilotsuz uçuş aparatları və peyklər alınmalıdır. Bundan başqa, bildirilir ki, qısa orta mənzilli “Dəmir Kubbe”, ABŞ-la birlikdə istehsal edilən orta uzun mənzilli “David Sapanı”, “Arrow” sistemləri və “Iron Beam” lazer əsaslı raketdən müdafiə sistemi kimi hava hücumundan müdafiə sistemlərinin imkanları artırılmalıdır.
TAHİR