Azərbaycanda da 3-dən artıq uşaq olan ailələr çoxuşaqlı ailələr sayılsın - TƏKLİF
Dünya praktikasında olduğu kimi, bizdə də 3-dən daha artıq uşaq olan ailələr çoxuşaqlı ailələr sayılsın.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
"Biz çoxuşaqlı anlayşını 5-dən 3-ə endirsək, bu, o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın. Çoxuşaqlı ailələr 5-dən 3-ə endirilsin", - deyə deputat bildirib.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən, qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər.