Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın D-8-ə üzv qəbul edilməsinin ölkəmizin nüfuzunu bir daha göstərdiyini bildirdi: “...D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin.”
Dövlətlərin böyüklüyü onların ərazisinin böyüklüyü, əhalisinin çoxluğu, böyük iqtisadi potensiala malik olması ilə ölçülməməli, həm də dünyada sülhə verdiyi töyfələrlə müəyyən edilməlidir. Azərbaycanın Türkiyənin tövsiyəsi ilə D-8-ə daxil edilməsində bunun şahidi olduq. Azərbaycanın iqtisadi, hərbi gücü ilə yanaşı, İslam həmrəyliyi ilə bağlı addımlar atması, bütün beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında müsəlman dövlətlərinin maraqlarını müdafiə etməsi, müsəlman ölkələrinə, o cümlədən Türkiyədən sonra Suriyada olan böhranın aradan qaldırılması üçün humanitar yardım göstərən ilk dövlət olması, COVİD dövründə, Fələstinlə bağlı məsələdə müsəlman ölkələrinə humanitar yardımlar etməsi, müsəlman ölkələrinin maraqlarını öz maraqları kimi qəbul etməsi bu təşkilata üzvlüyə haqq qazandırdı. 2024-cü il 19 dekabr tarixində Azərbaycan Respublikası D-8 (Developing-8)İqtisadi Əməkdaşlıq Təşkilatına daxil oldu. Türkiyə (85 milyon, Pakistan (242 milyon), Misir (100 milyon), Nigeriya (206 milyon), İran (83 milyon), Banqladeş (170 milyon), İndoneziya (262 milyon), Malayziyanın (33 milyon) əməkdaşlıq etdiyi bu beynəlxalq təşkilat 1997-ci ildən fəaliyyət göstərir. D-8 İƏT müstəqil beynəlxalq təşkilatdır, üzvlük digər inkişaf etməkdə olan ölkələr üçün açıqdır. Təşkilatın üzvləri böyük iqtisadi potensiala, təbii ehtiyatlara, çoxsaylı əhaliyə, böyük əraziyə malik inkişaf etməkdə olan ölkələrdir. Bu beynəlxalq təşkilata Azərbaycanın qoşulmasının əhəmiyyəti ondadır ki, üzv ölkələr arasında ticarət əlaqələri genişlənəcək, daha yaxşı yaşayış şəraiti, layihələr həyata keçirməyə imkanlar yaranacaq, dünya iqtisadiyyatında mövqeyi daha da güclənəcəkdir. Qardaş Türkiyənin, dost Pakistanın daxil olduğu bu təşkilatda bölgənin inkişafı, sülh və təhlükəsizlik üçün layihələr həyata keçirilə bilər. Azərbaycanın iqtisadi, ticarət əlaqələri daha da inkişaf edəcəkdir. İranla olan bəzi anlaşılmazlıqlar aradan qaldlrılacaq. Təşkilatdakı 8 müsəlman ölkəsinin 1 miyarddan çox, təxminən 1 milyard 83 milyon, Azərbaycan əhalisini (10 milyon) də əlavə etsək, 1 milyard 93 milyon əhalisi var və daha çox. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan üzvlərin sayını 20-ə çatdırmaq arzusunu bildirdi və belə olarsa, dünya əhalisinin önəmli bir qısmi D-8-də toplanacaq. Rəcəb Tayyib Ərdoğanın ticari əlaqələri yerli valyuta ilə yürütmək təklifi də aktual məsələdir. D-8-in bayrağındakı 6 ulduzun mənasını - müharibə yox, sülh, münaqişə yox, dialoq, ikili standartlar yox, ədalət, üstünlük yox, bərabərlik, istismar yox, əməkdaşlıq, hegemonluq və təzyiq yox, insan haqları, azadlıq və demokratiya prinsiplərini meyar tutaraq təşkilatda labüd halda bölgədə sülh və təhlükəsizlik məsələləri də müzakirə ediləcəkdir.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində beynəlxalq münasibətlərdə olan yeni reallıqları, Qərb ölkələrində siyasi və mənəvi böhranların olduğunu, belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı kimi yeni aktorun güc mərkəzinə çevrilə biləcəyini də vurğuladı: “...Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır.”
Ramilə Dadaşova
Siyasi elmlər doktoru, dosent
AMEA Qafqazşünaslıq İnstitutunun direktor v.i.