Putin Makronun Rusiyaya qarşı sərtləşməsinin səbəbini açıqladı - Afrikadan qovulmanın qısasını alır...
Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək ehtimalı ilə bağlı bu yaxında verdiyi açıqlamalara münasibət bildirib. Trend bu barədə Rusiya KİV-ə istindən xəbər verir.
Belə ki, Putin Makronun Rusiyaya qarşı bu cür sərt reaksiyasını Afrikada baş verənlərlə əlaqələndirib.
"Biz Fransanı Afrikadan sıxışdırıb çıxarmamışıq. Sadəcə bəzi Afrika ölkələrinin liderləri Rusiyadan olan iqtisadi operatorlarla işləmək istədilər, fransızlarla işləmək istəmədilər. Bu heç bizim təşəbbüsümüz deyildi, afrikalı dostlarımızın təşəbbüsü idi. Əgər müstəqil bir dövlət digər tərəfdaşları, o cümlədən Rusiya ilə əlaqələrini inkişaf etdirmək istəyirsə, burada Rusiyadan incimək nəyə lazımdır? Bunun bizimlə əlaqəsi yoxdur", - o deyib.
Xatırladaq ki, bu yaxınlarda Fransa prezidenti Aİ ölkələri tərəfindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalını istisna etməyib.
Martın 4-də Çexiyanın "Novinky" portalına və "Právo" qəzetinə müsahibəsində isə Makron Fransanın Ukraynaya yaxın gələcəkdə hərbçi göndərməyi planlaşdırmadığını deyib.