Kimsə neft-qazımızdan imtina edə bilməz - çox ağır bədəl xəbərdarlığı edildi...
Vüqar Bayramov: “Bəzi qüvvələr tərəflər arasında enerji sahəsindəki əməkdaşlığı pozmaq istəyir...”
Prezident İlham Əliiyev yerli televiziyalara müsahibəsində bəyan edib ki, Avropa İttifaqı Azərbaycan qazından imtina etsə, şirkətlər buna görə cərimə ödəməli olacaq:
“Əfsuslar olsun ki, Avropada bəzi siyasətçilər ya bunu anlamırlar, ya onlarda kifayət qədər informasiya yoxdur və sentyabr hadisələrindən sonra hətta bəziləri bəyan edirdilər ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı dayandırılmalıdır. Belə açıqlamalar, əlbəttə ki, bizim əməkdaşlığımızı gücləndirmir. Düzdür, bu açıqlama Avropa Parlamentinin sədri tərəfindən verilmişdi. Avropa Komissiyası heç vaxt belə açıqlamalar verməyib və təbii ki, verməyəcək. Amma Avropa Parlamentinin sədri kiçik vəzifə deyil və əgər bu şəxs bunu deyirsə, deməli, burada düşünməyə mövzu var. Amma onu bəri başdan bildirməliyəm ki, əgər hər hansı bir səbəbə görə bu mövqe üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar”.
“Ümid edirik ki, Avropa Komissiyası cərimələr ödəmək yolunu deyil, əməkdaşlıq formatını üstün tutacaq”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Vüqar Bayramov hesab edir ki, enerji sahəsindəki əməkdaşlıq uzunmüddətli dövrü əhatə edir: “Bu zaman tərəflərin öhdəlikləri var. Təbii ki, Avropa şirkətləri də Azərbaycan mavi qazının alınması və dəyərinin ödənilməsi ilə bağlı öhdəliyə malikdilər. Ona görə də Avropa şirkətləri bununla bağlı öz öhdəliklərinə ciddi yanaşmalıdılar. Çünki bu, müqavilələrdə əksini tapan vacib şərtlərdən biridir. Əks təqdirdə onlar buna görə cərimə ödəməli olacaqlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan hər zaman öz öhdəliklərinə sadiq qalan və zamanında onlaı icra edən tərəfdir. Ölkəmizin Avropanın mavi qaza olan tələbatının ödənilməsində rolu getdikcə artır. Bütövlükdə, qitə ölkələrinin enerji təhlükəsizliyinə töhvəsi yüksəlir. Həmçinin onu da nəzərə almaq lazımdır ki, 2023-cü ildə Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz nəql edib. Ötən müddət ərzində kifayət qədər böyük həcmdə qazın Avropa bazarına daxil olması müşahidə olunub. Bu da öz növbəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında artan rolunu göstərən əsas məqamlardan biridir. Ona görə də bütün bu amillər nəzərə alınmalıdır. Ancaq çox təəssüflər olsun ki, bəzi hallarda bu əməkdaşlığa kölgə salmaq istəyən qüvvələr olur. Tərəflər arasında enerji sahəsindəki əməkdaşlığı pozmaq istəyirlər. Ancaq buna rəğmən, Azərbaycan öz öhdəliyini yerinə yetirir. Avropa şirkətlərindən də istək ondan ibarətdir ki, öhdəliklərinə sadiq qalsınlar. Ona görə ki, bu öhdəliklərin yerinə yetirilməsi müqavilə şərtidir. Yerinə yetirilməməsi isə, cənab Prezidentin qeyd etdiyi kimi, cərimələrdir. Hər halda, Avropa şirkətləri və bütövlükdə Avropa Komissiyası bu amili nəzərə almalıdır. Ümid edirik ki, Avropa Komissiyası cərimələr ödəmək yolunu deyil, əməkdaşlıq formatını üstün tutacaq”.
Vidadi ORDAHALLI