Makron Əhmədiyyə kimi antifaşisti qoyub şübhəli erməninin adını əbədiləşdirir...
Qasım Hacıyev: “Müqavimət hərəkatında iştirak edən erməni Misak Manuşyanın adının Fransada məktəbə verilməsi qəribə deyil”
Fransanın İl-de-Frans bölgəsi Şurasının yekdil qərarı ilə Parisətrafı Şatni-Malabridəki mərkəzi orta məktəbə Misak və Melin Manuşyanın adı verilib. Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
Məlumat üçün qeyd edək ki, Misak kommunist olub, hətta Fransa demokratiyası ilə toqquşub, həbs də olunub. Məlumatlara görə, 1944-cü ildə almanların güllələdiyi Manuşyanın bu qədər şişirdilməsi yalnız siyasi məqsədlidir. Əgər doğrudan da Fransa öz tarixinə sayğı göstərsə və Fransanın azadlığı üçün mücadilə aparan əcnəbiləri qiymətləndirmə yolunu tutsaydı, Əhmədiyyə Cəbrayılovun xatirəsini əziz tutardı. Çünki Əhmədiyyə Cəbrayılov Fransa Qəhrəmanıdır.
O da bəllidir ki, Misakın avtobioqrafiyası kifayət qədər ziddiyətlidir. Hətta onun müqavimət hərəkatında iştirakı belə ziddiyətlidir. Halbuki, müqavimət hərəkatında iştirak edən Əhmədiyyə Cəbrayılovdur. Müqavimət hərəkatında iştirak edən şəxslərin adı yada salınmır. Fransada orta məktəbə Misak və Melin Manuşyanın adının verilməsi bu ölkənin ermənipərəst olduğunu göstərir.
“Fransanın bəzi yerlərində şovinist ermənilərə, separatçılıqla məşğul olan və işğallardan iştirak edən sərkərdələrə belə heykəl qoyulur, məktəblərə onların adı verilir”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanın indiki mövqeyi, yürütdüyü siyasət biabırçı səviyyədədir: “Məlumdur ki, Fransa erməni soyqırımına etiraz barədə qərar çıxartdı. Ümumiyyətlə, Fransa Türkiyə və ölkəmizə qarşı sərt münasibət nümayiş etdirir. Onu da deyim ki, tək Makron deyil, onun ətrafında olanlar da eyni əqidədədir və çox narahatdırlar. Mən deyərdim ki, Fransa ermənilərdən də narahatdır. Müharibəni uduzan Ermənistan olsa da, bu hadisədən Fransa daha çox narahat olub. Fransa Azərbaycana qarşı pisliklər etməyə davam edir. Ümumiyyətlə, Fransanın ermənipərəst olması yeni deyil. Məlumat üçün deyim ki, XX əsrin əvvəllərindən Fransada Qriqoryan kilsəsinə, ermənilərə çox böyük rəğbət var. Hətta xarekterləri də eynidir”.
Həmsöhbətimiz qeyd etdi ki, Fransada ermənipərəstlik müşahidə olunur. Hətta Fransada Ermənistana dəstək məqsədilə Qaregin Njdeyə belə böyük heykəl qoyulub. Fransanın bəzi yerlərində şovinist ermənilərə, separatçılıqla məşğul olan və işğallardan iştirak edən sərkərdələrə belə heykəl qoyulur, məktəblərə onların adı verilir. Müqavimət hərəkatında iştirak edən erməni Misak Manuşyana məktəb adının verilməsi qəribə deyil. Az-çox ermənilərin səsini qazanmaq istəyənlər bu cür addımlara əl atır. Bununla da Makron hökuməti özünə dividend qazanır, bir-birinin başını qatmaqla məşğuldurlar. Makron vaxtilə Fransanı faşizmdən xilas edənlərdən biri olan Əhmədiyyə Cəbrayılovu qəhrəman elan edən ölkəsinin haqlı mövqeyini deyil, Ermənistanın separatçı, terror hərəkətlərini, işğalçılıq siyasətini dəstəkləməklə, əslində, faşizmə dəstək vermiş olur”.
Günel CƏLİLOVA