ABŞ ordusunun baş qərargahından Ermənistana dəstək - “sülhə kömək etmir”...
Afsəddin Nəbiyev: “Vaşinqtonun Cənubi Qafqazda sülhün, sabitliyin təmin olunmasında marağı yoxdur”
Vaşinqtonda səfərdə olan Ermənistan Ordusunun Baş Qərargah rəisi Edvard Asryan ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunla görüşüb. Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub. Tərəflər müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini qeyd ediblər.
Çarlz Braun bildirib ki, ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatları prosesinə dəstəyini davam etdirəcək. Eyni zamanda, görüşdə birgə tədbirlərin davam etdirilməsinin vacibliyi müzakirə olunub və regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub.
ABŞ-ın maliyyə yardımı azmış kimi, Pentaqon regional təhlükəsizliyi Ermənistanla müzakirə edir. Maraqlıdır, ABŞ-ın bu hərbi dəstəkləri Ermənistanı regional sülh məsələsində nələrə həvəsləndirir? ABŞ erməni ordusunu nəyə hazırlayır?
“İşğalçı dövlət olan Ermənistanı cəzalandırmaq əvəzinə, yenidən alovlana biləcək münaqişəyə sürükləyirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Vaşinqtonun belə siyasəti sülhə töhfə vermir: “Ermənistan Ordusunun qərərgah rəisi ilə Birləşmiş Ştatların qərargah rəisi arasında müdafiə sahəsində keçirilən ikitərəfli görüş hər iki dövlətin beynəlxalq hüquqa saymazyana münasibətini bütün çılpaqlığı ilə ortaya çıxarır. Məhz bu davranışlara Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı konkret münasibət bildirib: “İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməmişdir. Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı. Burada isə kapitulyasiyaya uğrayan faşist dövlət nəinki cəzalandırılmadı, hətta onlara bütün preferensiyalar verilir”. Prezidentin açıq mətnlə çıxışı, 2020-ci ildə kapitulyasiyaya imza atmış Ermənistana münasibətdə İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasının tarixi ilə apardığı paralellik hazırkı reallıqlar baxımından tam yerinə düşür. İşğalçı dövlət olan Ermənistanı cəzalandırmaq əvəzinə, yenidən alovlana biləcək münaqişəyə sürükləyirlər. Bunun adı ikitərəfli maraq doğuran məsələdirsə, bəs beynəlxalq hüququn fundamental təməl prinsipləri haradadır? Təbii ki, çoxlu suallar var, ancaq onları cavablandıracaq dürüst siyasətçilər, çox təəssüf, barmaqla sayılacaq qədər azdır. Ermənistan məğlubiyyətindən sonra nəinki cəzalandırıldı və ya tərksilah edildi, hətta əksinə, hər imkanda sürətlə silahlandırıldı və bu davam edir. Böyük dövlətlər təcavüzkar Ermənistana bir daha hücum müharibəsinə başlamağı qadağan etmədilər, silahlı qüvvələri üçün məhdudiyyətlər qoymadılar. Tam əksinə, onlar Ermənistanı həm birbaşa və həm də tərəfdaş dövlətlərinin əli ilə silahlandırırlar. Bu isə sülh sazişi ilə bağlı gedən proseslərə töhfə vermir, əksinə, işi daha da çətinləşdirir. Görünür, Birləşmiş Ştatların Cənubi Qafqazda sülhün, sabitliyin təmin olunmasında marağı yoxdur. Vaşinqton bunda maraqlı olsaydı, Ermənistanı modern silahlarla təmin etmək deyil, məhz bu işğalçı dövlətə sanksiyalar tətbiq edərdi. Ona görə də hər şeyi öz adıyla çağırmaqla Azərbaycan dövləti bu məsələlərdə bir anlıq belə ehtiyatı əldən verməməlidir. Beynəlxalq təşkilatlarda Ermənistanın cəzalandırılması üçün bütün gücümüzü ortaya qoymalıyıq”.
Vidadi ORDAHALLI