Azərbaycanın tolerantlıq modeli dünya üçün nümunədir
Ölkəmizin keçdiyi inkişaf yolunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri də dünyanın müxtəlif ölkələrində ciddi diqqət və öyrənilməyə layiq olan konfessiyalararası harmoniya modelinin yaradılmasıdır. Bu, düşünülmüş dövlət siyasətinin nəticəsidir.
Ölkəmizdə dini tolerantlıq - dövlətin düşünülmüş siyasətinin nəticəsi...
Faktdır ki, tolerantlıq uzun müddət ərzində formalaşan sosial hadisədir və insanın özündən müxtəlif cəhətlərdən fərqlənən digər şəxslərə qarşı düşmənçiliyinin olmaması deməkdir. Onlarla millət və etnik qrupun nümayəndələrinin yaşadığı Azərbaycan kimi müxtəlif mədəniyyət və millətlərlə dolu cəmiyyətdə bu, zəruri hadisədir.
Müasir dünyada tolerantlıq ideal olaraq ksenofobiyanın olmamasını, müxtəlif xalqların dinc yanaşı yaşamasını və inkişafını nəzərdə tutur. Onun əsasını cəmiyyətin fundamental dəyərləri təşkil edir, onsuz bəşəriyyət sadəcə mövcud ola bilməz. Bu gün tədqiqatçılar tolerantlığın 10-dan çox əsas növünü sayır. Bunlar dini, cinsi, fizioloji, təhsil, cinsi oriyentasiya, coğrafi, yaş, marjinal, siniflərarası, millətlərarası, irqi, siyasidir. İnsanın dövlətdə qəbul edilən istənilən dinə, hətta hakim dinə mənsub olmasa belə, hörmətlə yanaşılması vacib olan hüquqları var. Digər dinlərə hörmət insanlar arasında dinc qarşılıqlı əlaqənin açarıdır. Koronavirus kimi qlobal epidemiyaya qarşı mübarizə, təəssüf ki, xalqları və dövlətləri birləşdirmədi, əksinə, dini sahə də daxil olmaqla, yeni kəskinləşmələrə səbəb oldu. Bu baxımdan, ilk növbədə Qərblə İslam arasında artan ziddiyyətləri və münaqişələri qeyd etmək lazımdır. Müxtəlif ekstremist və terror təşkilatları bu vəziyyətdən tez istifadə etdilər. Bəziləri isə İslam dinini özünə qalxan etməyə çalışır. Məlum olduğu kimi, onlar əsasən müsəlman ölkələrində dünyəvi rejimlərin yıxılması, onların şəriət üsul-idarəsi ilə əvəzlənməsi və vahid İslam dövlətinin - xilafətin yaradılmasına çalışırlar. Azərbaycana gəlincə, ölkəmizdə bu xüsusda ciddi narahatedici tendensiya yoxdur. Amma dini ekstremizm və terrorizmin təzahürü, dini radikal qrupların cinayətkar strukturlarla birləşməsi istiqamətində cəhdlər olub. Həmçinin Əfqanıstan, İraq və Suriyadakı hərbi münaqişələr xalis islam adlanan dinin tərəfdarları arasından bəzi soydaşlarımızı cəlb edib. Bununla belə, dövlətin məqsədyönlü siyasəti bu istiqamətdə problemlərin əsaslı şəkildə çözümünü şərtləndirib. O da faktır ki, Azərbaycanda dini tolerantlıq dövlətin düşünülmüş siyasətinin nəticəsidir. Suveren inkişaf prosesinin başlanğıcından Azərbaycan özünü dünyəvi dövlət elan edib. Bu, hökumət siyasətinin müəyyən dinlərə və onların ardıcıllarına heç bir üstünlük verilmədən, yalnız bütün cəmiyyətin mənafeyinə uyğun aparılmasını nəzərdə tutur. İkincisi, dövlətimiz ölkəmizin ərazisində fəaliyyət göstərən dini konfessiya və birliklərə eyni dərəcədə hörmətlə yanaşır, qanuni fəaliyyət göstərdikləri halda onların daxili işlərinə qarışmır. Eyni zamanda, dünyəvi status dövlətin dini sahədən tamamilə uzaqlaşdırılması demək deyil. Bu, ilk növbədə, vətəndaşların vicdan azadlığı ilə bağlı konstitusiya hüquqlarına riayət olunmasını, dini mənsubiyyətinin müəyyən edilməsini və bu əsasda hər hansı ayrıseçkilikdən qorunmasını təmin edir. Sadəcə, dövlətin səlahiyyətli orqanlar vasitəsilə din sahəsini tənzimləmək hüququ var. Bu, əsasən, dini qurumların və missionerlik fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatına alınmasında, dini qurumların təsis və digər sənədlərinin müvafiq ekspertizasının aparılmasında, bu sahədə qanunvericiliyə riayət olunmasına nəzarət edilməsində, dini qurumların yaradılması qaydalarının müəyyən edilməsində özünü göstərir.
Dövlət dini birliklərlə konstruktiv əməkdaşlıq münasibətləri yaradıb
Beynəlxalq arenada nəzərəçarpacaq fəallıq nümayiş etdirən Azərbaycan qlobal miqyasda dinlərarası harmoniya və sivilizasiyalararası dialoq dəyərlərinin təbliği üçün unikal təşəbbüslərin müəllifi olub. Xalqın mənəvi irsi ilə birləşən dinlərin mədəni-tarixi dəyərini rəsmən tanıyan dövlət müvafiq dini birliklərlə konstruktiv qarşılıqlı fəaliyyət göstərir və onların potensialından ölkənin inkişafı maraqları naminə istifadə etməkdə maraqlıdır.
Beləliklə, dövlətin dünyəvi mahiyyəti onun din və konfessiyalararası münasibətlər sahəsində aktiv fəaliyyəti ilə kifayət qədər uğurla birləşdirilir. Eyni zamanda, dövlətin maraqlarına cavab verən dünyəvi prinsiplərin və əsasların möhkəmləndirilməsi istiqamətində işlər aparılır. Dini və ya digər zəmində heç bir parçalanma olmadan bütün Azərbaycan cəmiyyəti inkişafında daha böyük uğurlara imza atır. O da faktdır ki, yeni müstəqillik tarixində ölkəmiz heyranedici uğurlar əldə edib. Yerli və xarici ekspertlər və analitiklər əminliklə Azərbaycanı təkcə Qafqazda deyil, bütün dünyada siyasi və iqtisadi proseslərin davamlı, sabit iştirakçısı adlandırırlar. Müstəqilliyin əsas nailiyyəti birliyimizdir. Bu mənada həmin birliyin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində atılan addımlar təkcə dövləti deyil, bütün insanları, xalqımızı birləşdirir. Bir sıra keçmiş sovet respublikalarında yaranmış vəziyyət fonunda cəmiyyətimizdə insanlar bir-birinə qarşı nəinki tolerantlıq nümayiş etdirir, həm də münasibətlər qarşılıqlı hörmətə, müxtəlif xalqların mədəniyyətlərinin yanaşı mövcud olduğu vəziyyətə əsaslanır. Onlar bir-birinə nüfuz edir və bir-birini zənginləşdirir. Ailə, milli və xalq adət-ənənələrinin davamlılığı bu günə qədər həyatımızda əsas birləşdirici halqadır. Azərbaycan dünyəvi dövlət kimi dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşları üçün rahat yaşayış şəraiti yaratmağa çalışır. Dövlət orqanları müxtəlif dinlərin nümayəndələri arasında hörmət və tolerantlıq hissinin aşılanması üçün çoxlu işlər görür və rəsmi platformalardan tez-tez mədəniyyətlərarası dialoq, açıqlıq və qarşılıqlı etimada çağırışlar edilir. Müasir Azərbaycanda dini və etnik tolerantlıq ənənəvi olaraq yüksək səviyyədədir. Ölkəmizin nailiyyəti dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edən demokratik dövlət quruculuğudur. Azərbaycan öz nümunəsilə müxtəlif mənşəli və dinlərə mənsub insanların dinc yanaşı yaşamasının mümkünlüyünü aydın şəkildə sübut edir. Ölkəmiz ənənəvi dinlərin liderlərinin qurultaylarının keçirildiyi qlobal din dialoqu platformasına çevrilib. Konfessiyalararası harmoniyanın və vətəndaş birliyinin təmin edilməsi ölkəmizin inkişafının, sosial-iqtisadi və siyasi modernləşmənin strateji vəzifələrinin həyata keçirilməsinin mühüm şərtidir. Cəmiyyətin ümumi məqsədi tolerantlıq, dinlərarası harmoniya və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirməkdir.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.