Paşinyan COP-da iştirakla bağlı dövlət xadiminə yaraşmayan izah verdi – “atmosfer” nə deməkdir?..
Elşad Musayev: “Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətinin məqsədi COP29-a kölgə salmaqdır”
Hazırda Ermənistan Azərbaycanda keçiriləcək COP29 sammitində iştirak edib-etməyəcəyinə qərar verməyib. Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
“Biz uyğun zamanda qərar verəcəyik. Hazırda bizim qərarımız yoxdur. Təbii ki, ümumi vəziyyət, proseslər və atmosfer bu qərara təsirsiz qalmayacaq”, – Nikol Paşinyan deyib.
Bu, ciddi dövlət xadiminə yaraşan cavabdırmı? Paşinyan deyir “ümumi vəziyyət, proseslər və atmosfer bu qərara təsirsiz qalmayacaq”. Ümumi vəziyyət, proseslər deyəndə nəyi nəzərdə tutur? O cümlədən, atmosfer deyəndə nəyi nəzərdə tutur? Sözügedən fikirlər vəziyyəti ifadə etmək baxımından Paşinyan tərəfindən nə dərəcədə uğurlu seçilmiş sözlər, yanaşmalardır?
“İşarə edir ki, Azərbaycan hazırkı sülh şərtlərini qəbul etsə qatılacaq, qəbul etməsə qatılmayacaq”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə açıqlamanın arxasında müəyyən məqsədlər gizlənir: “Paşinyan hiləgərcəsinə vəziyyətdən öz mənafeyi üçün istifadə etmək istəyir. Burada, Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətinin məqsədi COP29-a kölgə salmaqdır. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsini onlar həzm edə bilmirlər. Ona görə də Nikol keçiriləcək tədbiri etibarsızlaşdırmaq üçün belə açıqlama verir, fon yaratmağa çalışır. Çünki tədbirdə 80 min iştirakçının olacağı gözlənilir. Görürlər ki, tədbirə böyük dövlətlərin rəhbərləri, böyük iş adamları və digər şəxslər qatılacaq. İstənilən halda Paşinyan COP29-un əhəmiyyətini azalda bilməyəcək. İştirak etməsə belə, bu nəyisə dəyişməyəcək. Paşinyan ümumi vəziyyət deyəndə istəyir ki, Azərbaycana qarşı beynəlxalq miqyasda güclü tənqidlər, təzyiqlər olsun. Sonra da o, bundan sui-istifadə edərək tədbirə qatılmasın. Yaxud da yüksək səviyyəli nümayəndə göndərməsin. Buna işarə edir. Bilmək istəyirlər ki, dünya ölkələri hansı səviyyədə COP 29-a qatılacaq. Xüsusən də Ermənistanın mənafeyindən çıxış edən ölkələrin hansı mövqedən çıxış edəcəkləri, tədbirə hansı nümayəndə heyəti ilə qatılacaqları erməni hakimiyyətini maraqlandırır. Başqa bir tərəfdən, Paşinyan işarə edir ki, Azərbaycan hazırkı sülh şərtlərini qəbul etsə qatılacaq, qəbul etməsə qatılmayacaq. Guya öz ələmində Azərbaycana bununla təzyiq göstərir ki, Azərbaycan bu açıqlamanı nəzərə alıb yumşaq mövqe sərgiləsin. Bütün bunların fonunda ən əsası odur ki, COP29 tədbirinə qədər Azərbaycanda mövcud olan sabitlik tam qorunsun. Sabitliyi pozmağa yönəlik hər hansı hərəkətlərin qarşısı dərhal alınmalıdır. Çünki Ermənistanın marağındadır ki, bu sahədə hansısa boşluq olsun və onlar bundan istifadə etsinlər”.
Vidadi ORDAHALLI