Banklar "1 nəfərə yalnız 10 min dollar" satış qadağasını nə əsasla tətbiq edir?..
Əkrəm Həsənov: “Qanunda belə bir məqam yoxdur, buna baxmayaraq banklar bunu tədbiq edirlər”
Məlumdur ki, banklar hər vətəndaşa 20 min manatdan (10 min dollar) artıq dollar satmır. Vətəndaş bankdan dollar alarkən ona həmin vəsait yalnız şəxsiyyət vəsiqəsi ilə verilir. Vətəndaş il ərzində dollar alışı limitini aşıbsa, banklar həmin şəxsə dollar satmayacaq.
Bu hal vətəndaşlar arasında narazılığa səbəb olur. Maraqlıdır, banklar nəyə görə, hansı qadağaya əsasən 10 min dollardan artıq dollar satmır?
“Banklar özlərindən 20 min manatlıq limit qoyublar, məbləğ qoyulan limitdən artıq olanda deyirlər ki, pulun mənbəyi haradır, bunu təsdiqləyən sənədlər gətir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu limit qeyri-qanunidir: “Qanunda belə bir məqam yoxdur. Buna baxmayaraq banklar bunu tədbiq edirlər. Banklar özlərindən 20 min manatlıq limit qoyublar. Məbləğ qoyulan limitdən artıq olanda deyirlər ki, pulun mənbəyi haradır, bunu təsdiqləyən sənədlər gətir. Banklar dollar mübadiləsi zamanı məbləği soruşurlar, maraqlanırlar. Vətəndaş istənilən cavabı verə bilər. Məsələn, o deyə bilər ki, həmin vəsait babamdan, nənəmdən miras olaraq qalıb. Azərbaycanda hətta məmurların belə gəlir və xərc bəyannaməsi yoxdur. Qanunda var, amma bunu heç kəs onlardan tələb etmir. Belə bir şəraitdə vətəndaşdan pulu haradan əldə etdiyini soruşduqda, o istənilən cavabı verə bilər. Həm də burada ortaya bir sual çıxır: vətəndaş avtomobil, ev, qızıl aldıqda ondan heç kim pulu hardan əldə etdiyini soruşmur, lakin gəlib valyuta alanda soruşurlar. Niyə? Aydındır ki, məqsəd insanların xarici valyuta əldə etmələrinin qarşısını almaqdır. Bu da bir profilaktik tədbirdir ki, valyuta ehtiyatlarına yük düşməsin, çox valyuta almasınlar, milli valyuta saxlasınlar ki, manatın üzərinə yük düşməsin. Bütün bunlar ondan xəbər verir ki, maliyyə sistemimizdə və manatla bağlı ciddi problemlər var. İndi bu özünü o qədər də büruzə verməsə də, gələcəkdə mümkün risqlərdən qorunmaq üçün indidən qarşısını alırlar”.
Ekspert hesab edir ki, bankların əsas funksiyalarından biri valyuta mübadiləsi əməliyyatı ilə pul qazanmaqdır. Bir sözlə, Azərbaycanda maliyyə sisteminin vəziyyəti elə də qənaətbəxş deyil: “Əgər yaxşı olsaydı, belə qanunsuz limiti bu yolla tətbiq etməzdilər. Qeyd edim ki, əvvəllər vətəndaşlardan bununla bağlı hər hansı bir əsaslandırma tələb olunmurdu. Bunu çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvercilik çərçivəsində edilməsi ilə əsaslandırırlar. Həmin qanunvericilikdə əldə edilən məbləğin 20 mindən yuxarı olması şübhəli əməliyyat kimi qiymətləndirilir. Amma orada söhbət birdəfəlik əməliyyatdan gedir”.
Günel CƏLİLOVA