İrəvanda Paşinyan-kilsə ssenarisi yenidən başladı - keşiş Baqrat yeni rolda...
Ermənistanda müxalifət Nikol Paşinyanın növbəti seçkilərdə iştirakına imkan verməyəcək. Bu sözləri “Müqəddəs Mübarizə” müxalifət hərəkatının lideri, keşiş Baqrat Qalstanyan deyib.
Arxiyepiskop onu da vurğulayıb ki, hazırkı baş nazirin sosial şəbəkələrdəki fəaliyyətini seçkiqabağı hazırlıq adlandırmaq olmaz: “Birincisi, onun seçkiyə getməyə cəsarəti çatmır, ikincisi, ona belə bir əhval-ruhiyyə və istək olmadığına görə, bu baxımdan bizim qiymətləndirmələrimiz fərqlidir”. Xatırladaq ki, respublikanın növbəti parlament seçkiləri 2026-cı ilə təyin edilib. Bundan əvvəl Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin Tavuş bölgəsindəki hissəsinin delimitasiyası ilə bağlı razılığa gəlib. Bundan sonra ölkədə Qalstanyanın başçılığı ilə etirazlar başlayıb. Baqrat Qalstanyan elə bu il Paşinyanı devirəcəyinə dair vədlər versə də sonda fiasko ilə üzləşib. Qalstanyan 2024-cü ilin aprelində Ermənistanın Azərbaycanla sərhədinin delimitasiyası və demarkasiyasına qarşı etiraz aksiyalarında fəal iştirakından sonra geniş tanınıb və bu, əvvəllər Ermənistan silahlı qüvvələrinin işğalı altında olan dörd kəndin Azərbaycan nəzarətinə keçməsindən sonra baş verib. Bu kəndlər Qalstanyanın Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri vəzifəsində çalışdığı Tavuş vilayətində yerləşir. Tavuş rayonunun kəndlərində yerli etirazlardan yaranan hərəkata məhz o rəhbərlik edirdi. Hərəkat “Vətən naminə Tavuş” adını aldı və dərhal lideri ilə birlikdə iqtidaryönlü medianın diqqət mərkəzində oldu. Media Qalstanyan biznes fəaliyyətinə nəzər saldı, onun Rusiya ilə, Ermənistanın əvvəlki hakim elitaları ilə pərdəarxası əlaqələrini üzə çıxardı. Sübut kimi Ermənistanın keçmiş hakimiyyət nümayəndələrinin müxalifət hərəkatının aksiyalarında fəal iştirakı göstərildi. Bundan əlavə, Ermənistanın ikinci prezidenti, hazırda ən böyük müxalifət bloku “hayastan”ın lideri Robert Köçəryanın ölkə başçısı postuna “cəmiyyəti birləşdirməyə qadir olan” ruhani liderin namizədliyinin irəli sürülməsinin zəruriliyi ilə bağlı sözləri də hər şeyə daha gur işıq saldı. Qalstanyanın özü və tərəfdarları gizlin əlaqələrini daim təkzib edib. Burada daha bir həssas məqam Qalstanyanın vətəndaşlığı məsələsidir, çünki onun Ermənistan pasportu ilə yanaşı, Kanada pasportu da var. Ermənistan Konstitusiyasına görə, deputat və ya baş nazir postuna namizəd son dörd ildə müstəsna olaraq Ermənistan vətəndaşı olmalı və bu ölkədə yaşamalıdır. Kifayət qədər qısa müddətdə Baqrat Qalstanyan Nikol Paşinyanın tərəfdarından onun qızğın rəqibinə çevrildi. Bir vaxtlar Qalstanyan hətta İrəvana yürüş edəndə Paşinyanı dəstəkləyib, həmçinin Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan başçılıq etdiyi fondun qəyyumlar şurasına daxil olub. Ancaq arxiyepiskopun ətrafındakılar bunu xatırlamamağa çalışırlar.
Paşinyanın istefasını tələb edən arxiyepiskop Baqrat Qalstanyan paytaxt İrəvanda sonuncu etiraz aksiyalarını bərpa etdikdən sonra daha biabırçı vəziyyətə düşüb. Qalstanyanın çağırdığı son mitinqlərdə məqsəd etirazlara mümkün qədər çox nümayişçinin cəlb edilməsi idi. Müşahidəşilər bunun baş vermədiyini deyirlər. Qalstanyan müxalifət qruplarını onun hərəkatı ətrafında sıx birləşməyə, təkəbbür və lovğalığı, habelə fikir ayrılıqlarını bir tərəfə qoymağa çağırıb. Keşiş sərvətlərini itirməkdən qorxaraq açıq şəkildə rejimə xidmət edən varlıları tənqid edib. hesab edilir ki, yenidən Paşinyana qarşı Qalstanyanın “lider” olaraq önə çəkilməsi İrəvanın siyasətindəki kilsə ideologiyasını canlandırmaqdır. Kilsə üçün verilən təlimat belədir ki, o, Ermənistanda ideoloji əsaslı sarı simlərə toxunaraq birinci növbədə Paşinyana qarşı olan siyasi qüvvələri və ictimai xadimləri eyni çətir altına toplasın. İkinci etapda vahid cəbhədə toplanan kütlənin hakimiyyətə qarşı itaətsizliyini təşkil etmək hazırlıqları dayanır. Erməni apostol kilsəsinin ölkənin əvvəlki hakimiyyətinin təmsilçilərinə siyasi sərmayə yatırması reallıqdır. Baqrat Qalstanyan kimilərinin ortaya atılması “planın” tərkib hissəsidir və aysberqin görünən tərəfidir. II Qareginin “arsenalında” daha çoxsaylı keşişlərin olması şübhə doğurmur. Əslində, Erməni apostol kilsəsi daxilində baş verən proseslər, mənəvi aşınma halları cəmiyyətə çoxdan, özü də yaxşı bəllidir. Sadəcə, cəmiyyətin müəyyən kəsimi bu barədə danışmır, ümumən din amilinin həssaslığını nəzərə alaraq, mövzudan uzaq durur. Paşinyan və tərəfdarları isə tabuları sındırmaqda israrlıdırlar. Bu fonda Ermənistanda dövlətlə kilsə arasında ziddiyyət dərinləşir. Paşinyan diaspor komitəsini ləğv edəndə kilsə ona qarşı çıxdı. Ümumerməni Kakalikosu ona açıq məktub ünvanlayaraq erməni diasporunun fəaliyətini yüksək qiymətləndirmiş, komitəyə ehtiyacın olduğunu vurğulamışdı. II Qaregin 1990-cı ildən Ümumerməni katalikosudur. Qüdsdəki və İstanbuldakı erməni kilsələri onu maddi məsələlərə həddindən artıq üstünlük verməyə və avtoritarlığa görə tənqid ediblər.
Samirə SƏFƏROVA