Mərc oyunlarının məskəni Tik-Toka köçürüldü...
Hüseyn Axundov: “Dəyərlərə hörmət etməyən insanların həbs edilməsi, cəzalandırılması düzgün addımdır”
Son zamanlar “TikTok” sosial şəbəkəsində canlı yayımlarda qanunsuz mərc oyunlarının təşkil edildiyi müşahidə olunur. Bu isə qanun pozuntusudur və həm təşkilatçılar, həm də iştirakçılar üçün ciddi hüquqi nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi vətəndaşlara bu kimi oyunlarda iştirak etməməyi tövsiyə edib. Buna baxmayaraq, bəzi vətəndaşlar “TikTok” sosial şəbəkəsində canlı yayımlarda qanunsuz mərc oyunlarında iştirak edir, sonrası da bəllidir.
“Onlayn qumar oyunlarının mənasız olması, insanların qazancını, gəlirini necə mənimsəməsi haqda məlumatlar yayılmalıdır”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bir qrup şəxs məqsədli şəkildə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır. Ancaq bu hərəkətlər qanunvericiliyə ziddir: “Məlum problemlə bağlı maarifləndirmə işləri artırılmalıdır: “Burada insanların hüquqları pozulur. Sosial şəbəkədə, KİV-də bu istiqamətdə məlumatlar, videolar paylaşılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən daima informasiya mübadiləsi aparılmalıdır. İnfluenserlər bu işdə aktiv olmalıdırlar. Bir sözlə, onlayn qumar oyunlarının mənasız olması, insanların qazancını, gəlirini necə mənimsəməsi haqda məlumatlar yayılmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sosial şəbəkədə əxlaqsız hərəkətlər nümayiş etdirən, dəyərlərə hörmət etməyən bəzi tiktok tanınmışları həbs edilib. İnsanlar da bu məsələdə bir az diribaş, gözüaçıq olmalıdırlar: “TikTok platformasında yaşanan rəzalətlərə son qoyulmalıdır. Bir tək bizim ölkədə belə xoş olmayan hallar müşahidə olunur. Başqa ölkələrin TikTok istifadəçiləri maraqlı yayım aparır, insanlar nəsə öyrənir, müzakirələr gedir. Bizdə isə əxlaqsızlıq, mənəviyyatsızlıq, narkotik, qadın alveri, qumar oyunları nümayiş olunur. Adıçəkilən platformanın bağlanmasının tərəfdarı deyiləm, ancaq nəzarət edilməlidir. Fikir versəz görərsiz ki, son günlər həbs edilən tiktokerlərin əksəriyyəti ya narkotik alveri, ya da əxlaqsızlığı yaydığına görə həbs edilib. Dəyərlərə hörmət etməyən insanların həbs edilməsi, cəzalandırılması düzgün addımdır”.
Günel CƏLİLOVA