Əsədin tör-töküntüləri Suriyanı İraqın gününə salmağı hədəfləyir...
Əli Mustafa: “Düşünmürəm ki, İraqda Səddamdan sonra yaşanan vəhşət Suriyada təkrarlansın”
Suriyada devrilmiş Bəşər Əsəd rejiminə sadiq Daxili İşlər Nazirliyinin 14 əməkdaşı öldürülüb. Məlumatda deyilir ki, yeni hökümət nümayəndələri Dəməşq yaxınlığında yerləşən Sednaya həbsxanası ilə əlaqədə olan keçmiş zabiti həbs etməyə cəhd edərkən hücuma məruz qalıblar və nəticədə həmin 14 nəfər öldürülüb.
Toqquşmalarda hökumətin 3 hərbçisinin də öldürüldüyü bildirilib. Bundan başqa, Tartus şəhəri yaxınlığında da toqquşmalar olub. Həmçinin avtomobilə quraşdırılan qurğunun partlaması nəticəsində bir neçə nəfər ölüb.
Burada diqqəti çəkən məqam odur ki, dekabrın 8-də Əsəd rejimi devriləndən üzübəri hansısa toqquşmalar baş vermirdi. Yəni İraqda Səddam devriləndən sonra terror aktları ölkədə geniş yayıldı və bu, bir neçə il davam etdi. Nəzərə alsaq ki, Suriyada bir neçə dövlətin geosiyasi maraqları toqquşur, o zaman bir zamanlar İraqda yaşananlar Suriyada da təkrarlana bilərmi?
“Hər halda, Türkiyənin himayəsi ilə orada normal dünyəvi dövlətin qurulacağına ümid böyükdür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa məsələyə bir neçə prizmadan yanaşdı: “Suriyada bu gün baş verənlər, əlbəttə, boş hadisələr deyil. Hardasa, olması mümkün olan şeylərdir. Nəzərə almaq lazımdır ki, Suriyada rejim dəyişib. Rejimin on illər boyu mövcud olan hakimiyyəti bir anın içində hər şeyi güzəştə gedən deyil. Zaman-zaman onlar baş qaldıracaqlar. Bu, avtoritar rejimlərə xas olan xüsusiyyətdir. Xüsusən də o kəslər ki, onlar yeni rejimə transformasiya olmaq istəmirlər. Yaxud da yeni rejimi dəstəklədiklərini desələr belə, əvvəlki bağlılıqlarını saxlayacaqlar. O halda onlardan hər zaman belə təxribatlar gözləmək olar. O üzdən, bu son deyil və belə təxribatlara hazır olmaq lazımdır. Ancaq düşünmürəm ki, İraqda Səddamdan sonra yaşanan vəhşət Suriyada təkrarlansın. Suriyanın İraqdan ciddi fərqi var. Məsələ ondadır ki, 2003-cü ilin aprelində Səddam rejimi devriləndən sonra İraq başlı-başına buraxıldı. Bütün hərbiçilər pasifizə edildi və nəticədə bu, böyük narazılığa, kütləvi terror aktlarının törədilməsinə səbəb oldu. Faktiki olaraq İraqda siyasi avtoritet vakuumu yarandı. Ancaq bənzər hal Suriyada müşahidə olunmurdu. Çünki vətəndaş müharibəsi ölkədə böyük fəlakətlərə səbəb olduğu üçün Suriya cəmiyyəti sabitlik istəyir. Hakimiyyətə gələnlər və müvəqqəti hökumət sistemli işləyir. Əvvəlki rejim tərəfdarlarına qarşı kütləvi repressiyalar aparılmır. Suriyadan qaçqın düşənlər geri qayıdır. Ən başlıcası isə, Türkiyə Suriyanın yenidən qurulmasında yaxından iştirak edir. Ona görə də biz tezliklə Suriyada normal bir dövlətin qurulmasının şahidi olacağıq. O baxımdan yəqin ki, İraqda yaşananlar Suriyada olmayacaq. Ancaq bütün bunlar ayrı-ayrı insidentlərin olmaması anlamına gəlmir. Ara-sıra bəzi insidentlər olacaq. Ümid edirəm ki, belə hallar genişmiqyaslı olmayacaq. Hər halda, Türkiyənin himayəsi ilə Suriyada normal dünyəvi dövlətin qurulacağına ümid böyükdür”.
Vidadi ORDAHALLI