Xaricdən Azərbaycana pul köçürmələri az qala 1 milyard azaldı...
Üzeyir Davudov: “Rusiya iqtisadiyyatında başlanan böhran bu ölkədən xaricə pul köçürmələrinə də sirayət edir”
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pulköçürmə sistemləri vasitəsilə 1 milyard 561 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 482.2 milyon manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pulköçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 706.4 milyon manat, banklardan xaricə köçürmələr isə 14.6% və ya 82.6 milyon manat azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 267.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manat təşkil edib. Maraqlıdır, xaricdən pul köçürmələri niyə 31%-dən çox azalıb?
“Rusiyadan Azərbaycana pul göndərən insanların qazancları da azalır, bu amil də göndərilən pulun həcminə təsir edir
Maliyyə mütəxəssisi Üzeyir Davudov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycana adətən pulköçürmə sistemləri ilə xaricdə, xüsusilə də Rusiyada yaşayan azərbaycanlılar vəsait köçürür: “Hazırda bu sahədə azalmanın müxtəlif səbəbləri var. Həm orada gəlirlər düşüb, pul köçürmək çətinləşib, həm də adətən öz qohum-əqrabasına burada əmlak, ev, almaq üçün pul köçürən azərbaycanlılar üçün indi Azərbaycanda nəsə almaq o qədər də cəlbedici deyil. Çünki ölkəmizdə daşınmaz əmlakın qiyməti qalxır. Köçürmələrin azalması davam edəcək. Bu o demək deyil ki, Azərbaycana pul gəlmir. Kimsə gəldikdə özü ilə nağd şəkildə gətirir. Ancaq çox gətirmək də olmur. Həmçinin, Rusiya iqtisadiyyatında başlanan böhran bu ölkədən xaricə pul köçürmələrinə də sirayət edir, nəticədə pul göndərmələrinin həcmi azalır. Bu səbəbdən Rusiyadan Azərbaycana pul göndərən insanların qazancları da azalır, bu amil də göndərilən pulun həcminə təsir edir, azalma baş verir. Getdikcə bu proses daha da dərinləşəcək, vəziyyət kəskinləşəcək. Növbəti il daha az həcmdə pul göndəriləcək. Bunun səbəbi Rusiya iqtisadiyyatının böhran vəziyyətində olmasıdır”.
Günel CƏLİLOVA