Azərbaycanda 2-ci katolik kilsəsi tikilir...
Azərbaycanın tolerant və multikultural bir dövlət olduğunu göstərən saysız amillər, nümunələr var ki, bu, dünya tərəfindən də birmənalı olaraq qəbul edilir.
Bilirik ki, ölkəmizdə bütün ənənəvi dinlərə böyük sayğı göstərilir, o dinin daşıyıcılarına öz dini inanclarını qorumaları üçün hər bir şərait yaradılıb, ibadət etmələrindən ötrü kilsələri, sinaqoqları, dini ayinlərini icra edəcəkləri məkanları var.
Azərbaycanda xristian dinin katolik icması da mövcuddur. Azərbaycanın katolik icması da daima dövlətdən hörmət və qayğını görür, hiss edir.
Azərbaycanda mövcud olan dini mühit katoliklər tərəfindən də yüksək dəyərləndirilir.
Ötən dövrlərdə Müqəddəs Taxt-Tacın Dövlət Katibi, kardinal Pietro Parol Azərbaycanda dinlərarası münasibətləri qiymətləndirərkən “Azərbaycan multikultural dövlət kimi çox yüksək zirvədə parlayır. Burada gözəl harmoniya şəraitində yaşayan Katolik Kilsəsi bu dəyərlərin gözəl təcəssümüdür”-demişdir.
Azərbaycanda katolik kilsəsinin tarixi…
Yeri gəlmişkən, Azərbaycan Çar Rusiyası tərəfindən işğal edildikdən sonra müxtəlif xristian məzhəblərinə mənsub olanlar ölkəmizə gəlməyə başlayıb. XIX əsrdə neft yataqlarının kəşfi ilə əlaqədar olaraq Bakıya, Polşa və Litvadan olan katoliklər də daxil olmaqla, Rusiya İmperiyasının müxtəlif bölgələrindən işçilər və mühəndislər axışıblar. XIX əsrin 60-cı illərindən etibarən Bakıda katolik icması mövcud idi və 1894-cü ildə onlar Məryəmin Məsum Hamiləliyi Kilsəsini inşa ediblər.
1909-cu ildə Bakıda Müqəddəs Bakirə Məryəmin kostelinin tikintisinə başlanıb və 1912-ci ildə tamamlanıb. Bu dövrdə Bakıda katolik icması təxminən 2550 nəfərdən ibarət olub. Lakin Sovet hakimiyyəti katolik kilsəsini təzyiqlərə məruz qoyub. 1930-cu illərin əvvəllərində Stalin dövrünün repressiyaları nəticəsində Bakıda katolik ruhaniləri edam olunub, möminlər təqib edilib və 1931-ci ildə kilsə tamamilə dağıdılıb. Bu dövrdə digər kilsələr, o cümlədən Qusardakı kilsə də istifadəsiz qalıb, Zaqataladakı kilsə isə fərdi mülkiyyətə çevrilib.
Hazırda Azərbaycanda Həvari Prefekti fəaliyyət göstərir. Bakıda Azərbaycanın hələ ki, yeganə katolik kilsəsi - Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi yerləşir, bu kilsənin təxminən 200 nəfərlik icması var. Ümumilikdə Azərbaycanda təxminən 2000 katolik yaşayır.
Hazırda Azərbaycan və Vatikan arasında diplomatik əlaqələr qurulmuşdur. 2011-ci il iyulun 6-da Vatikan tərəfindən ratifikasiya edildikdən sonra, Azərbaycanda katolik icmasının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan hökuməti ilə müqavilə qüvvəyə minmişdir.
“Dərin multikulturalizm ənənələrinə sadiq ölkə kimi Azərbaycan bütün dinlərə, o cümlədən Katolik Kilsəsi ilə dialoqa açıqdır”
Azərbaycanda katolik dini icmasına hörmət əlaməti olaraq ikinci katolik kilsəsi inşa olunur.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Müqəddəs II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin arxiyepiskop Paul Riçard Gallager tərəfindən dekabrın 14-də təqdisetmə mərasimi keçirilib.
Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdis edilməsi münasibətilə dekabrın 14-də Bakıda qəbul keçirilib.
Qeyd olunub ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyev və 2005-ci ildən etibarən Prezident İlham Əliyevin Vatikana, 2002-ci ildə Roma Papası II İoann Pavel, 2016-cı ildə isə Roma Papası Fransisk Azərbaycana səfərlər edib, bu səfərlər iki ölkə arasındakı əlaqələrin indiki səviyyəyə yüksəlməsinə böyük təkan verib.
Həmin görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev “Biz mədəniyyətlərarası və dinlərarası dialoq dəyərlərinin qorunması istiqamətində fəal, səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Azərbaycanda müxtəlif dinlərə və inanclara malik insanlar əsrlər boyu mehriban, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Heydər Əliyev Fondunun Vatikanın tarixi yerlərinin bərpasında iştirakı əməkdaşlığımızı daha da inkişaf etdirir və qlobal mədəni irsin qorunub saxlanmasına, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir”, - deyə bildirib.
Paul Riçard Qallager Bakıda katolik kilsəsinin tikintisi üçün ərazi ayırdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib:
“Mən, həmçinin Bakının mərkəzində bu kilsənin tikintisi mümkün olduğu üçün xeyirxah insanlara təşəkkür edirəm. 2002-ci ildə bu gözəl ölkəyə səfər edən Papa II İoann Pavelin şərəfinə tikiləcək kilsə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında möhkəm dostluğun əbədi rəmzi olacaq”.
Azərbaycanın zəngin dini və mədəni müxtəlifliyini ifadə etdiyini bildirən Paul Qallager deyib: “Məmnunuq ki, dərin multikulturalizm ənənələrinə sadiq ölkə kimi Azərbaycan bütün dinlərlə, o cümlədən Katolik Kilsəsi ilə dialoqa açıqdır. Müqəddəs Taxt-Tac Azərbaycanla əlaqələrin və xüsusilə ədalət və sülh kimi mənəvi dəyərlərin təbliğində əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə sadiqdir”.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Roma Papası Fransiskə ünvanladığı təbrik məktubunda Bakıda inşa olunan ikinci katolik kilsəsinə də toxunub: “Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir”.
Əlbəttə, bu gün tolerantlığın və multikulturalizimin gerçək örnəyi olan Azərbaycanda katolik icmasının dini ibadətlərini daha geniş formada həyata keçirmək üçün ikinci bir Katolik kilsəsinin inşasını həyata keçirir. Bu onu göstərir ki, Azərbaycan dövləti və xalqı başqa dinlərin mənsublarına çox böyük hörmətlə yanaşır və onların inanclarına hetiram bəsləyir. Azərbaycanın multicultural, tolerant bir ölkə kimi bütün dünyada qəbul edilməsi təbii ki, ölkəmizin, xalqımızın qələbəsidir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.