Azərbaycan təyyarəsinin vurulmasından sonra ölkələr Rusiyaya uçuşları ard-arda dayandırır...
Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus “Embraer 190” təyyarənin Aktau şəhərində qəzaya uğramasının ardından Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Astana və Yekaterinburq arasında uçuşları bir ay müddətinə dayandırdığını bəyan edib.
Şirkətin Telegram kanalında verilən açıqlamada 28 dekabr 2024 - 27 yanvar 2025-ci il tarixləri arasında uçuşların dayandırılacağı bildirilib. Açıqlamada bu qərarın sərnişin və ekipajın təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyaya uçuş risqlərinin qiymətləndirilməsi nəticəsində qəbul edildiyi bildirilib. Şirkət bütün alınan biletlərin geri qaytarılacağını və sərnişinlərin biletlərini başqa istiqamətlərə pulsuz dəyişdirə biləcəklərini açıqlayıb.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti bəzi Rusiya şəhərlərinə uçuşlar ləğv edib. AZAL-ın bəzi Rusiya şəhərlərinə uçuşların dayandırılması ilə bağlı açıqlamasında bildirilib ki, ilkin araşdırma nəticələrinə görə, “Embraer 190” təyyarəsinin qəzası fiziki və texniki kənar müdaxilə səbəbindən baş vermiş ola bilər. Bu səbəbdən araşdırmanın yekun nəticələri açıqlanana qədər Rusiyanın 10 hava limanına uçuşlar dayandırılıb.
Qəzadan sonra İsrailin “El Al” aviaşirkəti də Təl-Əviv-Moskva reyslərini bir həftəlik dayandırdığını bildirib. Şirkət həftədə beş dəfə Moskvaya uçuşlar həyata keçirirdi.
TAHİR