Tramp Baydenin son qərarlarını ləğv edəcək - "Monro doktrinasına" qayıdış...
Demokratlar Partiyasının nümayəndələri respublikaçı Donald Trampın dövlət başçısı postunu tutacağına sevinməsələr də, prezidentliyinin necə başa çatmasından məyus olan Cozef Baydenin gedişini səbirsizliklə gözləyirlər. “Hill” qəzeti bu barədə Demokratlar Partiyasının lobbiçilərinə istinadla məlumat yayıb.
“Demokratların heç biri Trampı prezident kimi görmək istəmir, lakin hər kəs Baydenin səlahiyyət müddətinin başa çatmasına hazırdır”, - deyə nəşrin həmsöhbətlərindən biri bildirib. Onun sözlərinə görə, Cozef Baydenin oğlu Hanteri əfv etməsi demokratlar arasında xüsusi qəzəbə səbəb olub. Eyni zamanda, bəzi demokratlar Donald Trampın son bir ayda öz ətrafında yaratdığı ajiotaja da xüsusi diqqət etməyə başlayıblar. Prezident seçildikdən sonra ilk dəfədir ki, sorğular Donald Trampın reytinqinin aşağı düşdüyünü göstərir. Əgər onun kadr təyinatları ümumən amerikalıların ürəyincə idisə, insanlar, necə deyərlər, onun bəzi bəyanatlarını, o cümlədən xarici siyasət məsələləri ilə bağlı fikirlərini başa düşmürlər. Bunlara Trampın Kanada, Meksika, Qrenlandiya və Panama hesabına ABŞ ərazisini artırmaq təklifləri də daxildir. “Realclearpolitics” portalı dekabrda keçirilmiş sorğuların nəticələrini elan etdikdən sonra maraqlı məqamlar üzə çıxıb. Burada aydın tendensiya qeydə alınıb: Trampın populyarlığı azalır. Onun antireytinqi, əlbəttə ki, ABŞ-ın hazırkı prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harrisin reytinqi ilə müqayisə oluna bilməz. Onların hər ikisi bu gün Amerikanın ən qeyri-populyar siyasətçiləridir, hətta demokrat həmkarları belə onlardan məyus olurlar. Eyni zamanda, ayın ikinci yarısında aparılan sorğulara görə, Trampın fəaliyyətini bəyənməyənlərin sayı bəyənənlərin sayından çox olub. Tramp üçün ən pis nəticəni dekabrın 13-dən 15-dək “Reuters” agentliyinin sifarişi ilə keçirilən Ipsos sorğusunun nəticələri olub. Ona görə, 55% seçilmiş prezidentin fəaliyyətini bəyənmədiyi halda, cəmi 41% bəyənib. Tramp üçün ən yaxşı nəticəni “The Economist” jurnalının sifarişi ilə hazırladığı “YouGov” sosial xidməti əldə edib: 48% bəyənir, 49% isə yox. Buna səbəb də odur ki, Trampın noyabrda elan etdiyi çox qeyri-adi kadr təyinatları amerikalıların xoşuna gəlib. Trampın karyerasında təyin olunan şəxslər dramatik dəyişikliklərə hazır olduqları təəssüratı yaradır. Trampçı dillə desək, bunlar “Vaşinqton bataqlığını quruda bilən” və “Amerikanı yenidən möhtəşəm edə bilənlərdir”. Tramp təkcə bu şüarlarla nə demək istədiyini ABŞ xalqına açıqlaya bilmişdi. Amma onun sonrakı fəaliyyəti fonunda anlaşılmazlıq yaranıb. Trampın son mübahisəli təşəbbüsü Baydenin əvvəlki 37 ölüm hökmünü ömürlük həbslə əvəzləmək qərarına aiddir. Dekabr ayına olan məlumata görə, 40 nəfər edamı gözləyirdi. Səlahiyyət müddəti başa çatdıqdan sonra bəzi ölüm hökmlərini ömürlük həbslə əvəz etmək ABŞ-ın gedən prezidentləri üçün standart təcrübədir. Buna baxmayaraq, Tramp qəzəblənib: “Co Bayden indicə ölkəmizin 37 ən pis qatilinin edam cəzasını dəyişdirdi. Hər kəsin əməllərini eşidəndə onun bunu etdiyinə inanmayacaqsınız. Ağılları qarışdırır. Ölənlərin qohumları və dostları indi daha da sarsılıblar. Bunun baş verdiyinə inana bilmirlər!”.
Bundan əlavə, Trump vəzifəyə gəldikdən sonra Ədliyyə Departamentinə Baydenin edam hökmünü ömürlük cəzaya çevirdiyi şəxslər üçün ölüm cəzası tələb etməyi tapşıracağını vəd edb. Bu, bir çox amerikalıları təəccübləndirib. Prezidentin Ədliyyə Nazirliyinə birbaşa nəzarəti yoxdur. Bununla yanaşı, dünya prezidentin xarici siyasət təşəbbüslərini də geniş müzakirə edir. Tramp isə heç zarafat etmədiyini, Meksika, Kanada, Qrenlandiyanın və Panama kanalının ABŞ-ın nəzarətinə keçməsinə nail olmağa çalışacağını bildirib. Tramp bu planların amerikalılar arasında dəstək tapmamasından da sonda mövqeini dəyişməyib. Hətta onun Meksika və Kanadadan gələn mallara tarifləri artırmaq ideyası respondentlərin 51%-i tərəfindən düşmənçilik cəhdi kimi qarşılanıb. Cəmi 38% onu dəstəkləyib. Üstəlik, həm Respublikaçılar, həm də Demokratlar qonşuları ilə tarif müharibəsini pisləyirlər. Amerikalıların fikrincə, dostluq etməli olduğu ölkələrlə mübahisə etmək qərarına gələn Trampın məqsədi seçicilər üçün qaranlıq olaraq qalır. Rus ekspert Vladimir Vasilievin fikrincə, Trampın qəribə görünən xarici siyasət təşəbbüslərində hələ də aydın məntiq var. Onun fikrincə, Tramp ötən illərdə “Monro doktrinası” adlanan şeyi yeni şəraitdə canlandırmaq niyyətindədir, bunun da mahiyyəti ABŞ-ın Qərb yarımkürəsində xüsusi maraqlarının olmasıdır: “Ölkədə müəyyən bir hiss var ki, Vaşinqton əvvəlki prezidentlərin dövründə öz həyətyanı sahəsinə, belə demək mümkünsə, laqeyd yanaşıb. Meksika vasitəsilə ABŞ-a qeyri-qanuni miqrant axını, Çinin Latın Amerikasında təsirini artırması, hətta Panamada iki liman əldə etməsi bunun təsdiqidir. Beləliklə, Trampın respublikaçıların tənqidlərinə baxmayaraq, ABŞ-ın 1999-cu ildə Demokrat Bill Klintonun dövründə tərk etdiyi Panama kanalını geri qaytarmaq ideyası yaranıb. Braziliya BRİKS-ə üzv oldu. Kanada və Meksika ilə ciddi struktur ticarət balanssızlıqları var. Bunlar Trampın xoşuna gəlmir”. Vasiliev hesab edir ki, Tramp ABŞ-a yeni ərazilərin birləşdirilməsinin mümkünlüyündən danışaraq, bununla da ölkənin qonşularına nümayiş etdirir ki, qətiyyətlə hərəkət edəcək: “Məşhur filmdəki kimidir: lotereya biletlərini götürməsən, qazı söndürəcəyik”.
Tahir TAĞIYEV