Əkin sahələrini kəsib pambığa veririk - pambıq isə hər il azalır, niyə?
Firdovsi Şahbazov: “Örüş sahələri hesabına pambıq əkinlərinin genişləndirilməsi doğru deyildi”
2017-ci ildə "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Bu illər ərzində ölkədə heyvandarlıq üçün istifadə olunan torpaqların bir hissəsi də pambıq əkinləri üçün ayrılıb. Nəticədə ölkədə pambıq emalını 500 min tona çatdırmaq hədəf qoyulmuşdu. Lakin bu hədəfə çatmaq mümkün olmayıb.
2023-cü ildə pambıq istehsalı 276 min tona bərabər olub. Halbuki, 2022-ci ildə bu göstərici 322 min ton idi. Pambığın əkin sahələri 2024-cü ildə 25 faiz genişləndirilib. Ancaq pambıq əkini üçün örüş torpaqların bir hissəsinin verilməsi heyvandarlığa mənfi və qiymətlərin artımına təsir göstərib. Artıq Azərbaycanda qoyun əti 20 manata yüksəlib. Bu, yeddi-səkkiz il əvvəllə müqayisədə qoyun ətinin az qala iki dəfə bahalaşması deməkdir. Bu il ixrac olunan pambığın kiloqramının orta ixrac qiyməti 2.76 manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 qəpik və ya 20.4 faiz azdır.
Burada paradoksal məqam odur ki, nə pambıq istehsalı artıb, nə də ondan əldə edilən gəlir. Əvəzində örüş sahələri hesabına genişləndirilən pambıqçılıq üzündən heyvandarlıq zəifləyib və ətin qiyməti kəllə-çarxa qalxıb.
“Keyfiyyətli toxum, pestisid problemləri üzündən yüksək məhsuldarlıq əldə etmək mümkün olmur”
Sözügedən məsələn “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, bu işin düzgün təşkil olunmamasına görə pambıqçılıq yerində sayır: “Bir sıra səbəblər üzündən pambıq istehsalı və ondan əldə olunan gəlir elə də artmır. Məsələ ondadır ki, Azərbaycanda istehsal edilən pambıq lif az verir. Örüş sahələri hesabına pambıq əkinlərinin genişləndirilməsi doğru deyildi. Bu, heyvandarlığa zərbə vurdu. Bunun nəticəsidir ki, uzaq Monqolustandan ət idxal edirik. Pambıq istehsalını intensiv metodlarla artırmaq lazım idi. Yəni pambıq əkini sahələrini genişləndirmək hesabına yox, yüksək aqrotexniki qulluq və məhsuldar sortlar hesabına. Fermerlər suvarmaya görə illik 100 manat ödəyirlər. Bir kisə gübrə 30 manata, bir kiloqram toxum 5,50 manatdır. Əkindən yığıma qədər fermerlərin xeyli xərci olur ki, bunu da özləri qarşılaya bilmirlər. Zavodlarla müqaviləyə əsasən bütün xərcləri onlar çəkir və məhsul yığımında xərclər hesablanıb ödənilir. Fermerlər 35-40 ton məhsulun yarısını şirkətə borc əvəzinə ödəyir. Üstəlik, ilbəil artan xərclər gəlirləri üstələdiyindən, bu onları çətin vəziyyətdə qoyur. Başqa bir tərəfdən, son iki ildə yanacaq qiymətləri artsa da, subsidiyanın məbləğində dəyişiklik olunmayıb. Bu il havaların yağmurlu keçməsi də pambıq yığımına mənfi təsir edib. Başqa bir tərəfdən, keyfiyyətli toxum, pestisid problemləri üzündən yüksək məhsuldarlıq əldə etmək mümkün olmur. Zərərvericilər isə həddən artıq çoxdur. Bununla bağlı istifadə edilən pestisidlərin keyfiyyəti aşağıdır. Xərclərin yarısını keyfiyyətsiz pestisidlər tutur. Bütün bu səbəblər üzündən Azərbaycanda pambıqçılıq gəlirsiz sahəyə çevrilir. Ona görə də pambıqçılığın inkişafı ilə bağlı real əsaslara söykənən genişmiqyaslı işlər görülməlidir”.
Vidadi ORDAHALLI