Makronun Ukrayna mövzusunda Rusiya ilə separatçı xəyanətini açdılar...
Arzuxan Əlizadə: "Bu həmin dövlətlərin ikiüzlülüyündən, riyakarlığından, Ukrayna üzərindən öz maraqlarını həyata keçirmək istəyindən irəli gəlir"
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Makronun ikiüzlü siyasətini ifşa edib. Lavrov Fransanın dəfələrlə qapalı kanallarla Moskvaya müraciət ünvanlayaraq, Kiyevin iştirakı olmadan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dialoq qurmağı təklif etdiyini bildirib:
“Fransız həmkarlarımızın müxtəlif məsələlərdə fəal rol oynamaq arzusu var və biz bunu alqışlayırıq. Lakin bu cür təşəbbüslərin nəticəsinin nə olduğunu və müsbət rol oynamaq istəyinin nə dərəcədə səmimi olduğunu mən bilmirəm. Bir neçə dəfə fransalı həmkarlarımızdan qapalı kanallar vasitəsilə xahişlər olub: gəlin kömək edək, Ukrayna məsələsi ilə bağlı dialoq quraq. Yeri gəlmişkən, Ukrayna olmadan Ukrayna məsələsi üzrə dialoq Qərbin daim təkrarladığı “Ukraynanın iştirakı olmadan Ukrayna haqqında bir kəlmə də olmaz” prinsipini pozur”.
Bu cəhdlərində Fransa hansı məqsədləri güdə bilərdi və Lavrov Makronu nədən ifşa etdi?
“Bakı-Xəbər” qəzetinə açiqlamasında siyasi ekspert Arzuxan Əlizadə bildirdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu açıqlaması kifayət qədər ciddi məsələdir: "Əslində bu, diplomatik qalmaqal yaradacaq bir açıqlamadır. Bu, növbəti dəfə Fransa və bu qəbildən olan Qərb güclərinin məkrli və ikiüzlü siyasətinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Təəssüflər olsun ki, bir çox Qərb dairələri Ukrayna üzərindən öz dövlət və digər maraqlarını həyata keçirmək məqsədləri güdürlər. Ukrayna faktiki olaraq həmin dövlətlərin güdazına gedərək hərbi poliqona çevrildi. Bu gün Ukrayna xalqı faciələr içərisindədir. Ukraynanın böyük bir hissəsi dövlət nəzarətindən kənarda - Rusiyanın işğalı altındadır. Böyük şəhərlər yerlə-yeksan olub. İnfrastruktur dağılıb, onminlərlə mülki və hərbi kontingent həyatını itirib. Ukraynanın genofonduna böyük zərbə dəyib. Ukraynanın milyonlarla əhalisi, xüsusilə də qadınlar ölkəni tərk edib. Onlar Avropanın müxtəlif ölkələrinə mühacirət ediblər. Ailələr başsız qalıb ki, bu da Ukraynanın genofondunda özünü gələcəkdə ciddi şəkildə göstərəcək. Amma bütün bunların fonunda üzdə Ukraynaya dəstək verən Qərb ölkələri arxada Rusiya ilə işbirliyinə gedib ona xəyanət edir. Bu həmin dövlətlərin ikiüzlülüyündən, riyakarlığından, Ukrayna üzərindən öz maraqlarını həyata keçirmək istəyindən irəli gəlir. Bu şiddətlə qınanılmalıdır.
Həsab edirəm ki, həm Ukrayna xalqı, həm də dövlət rəhbərləri bunun fərqində olmalıdırlar. Ukraynaya dəstək adı altında arxada ona bu cür tuzaq qurulursa, bu kifayət qədər ciddi məsələdir".
Qeyd edək ki, Rusiya təbii sərvətlərlə zəngin olsa da, hazırda onda hərbi avadanlıq və texnika çatışmazlığı açıq-aşkar hiss edilir. Rusiyaya silah istehsalı üçün elektron vasitələr, Fransaya isə ucuz xammal lazımdir. Görünür, Fransa tərəfinin təklifi də belə bir mübadilənin aparılması ilə bağlı olub. Fransa təklif edə bilərdi ki, Ermənistan üzərindən satdığı elektron vasitələri Rusiyaya daha sərfəli qiymət və daha sərfəli marşrutla versin. Yetər ki, qarşılığında Rusiya ona ucuz xammal versin.
Dəniz NƏSİRLİ