Ünvanlı yardımın məbləği və yardım alanların sayı çoxaldı...
Kamran Məmmədli: “Ünvanlı sosial yardım işləyən vətəndaşlar üçündür, işləməyən ailələr və eyni zamanda işsiz olan vətəndaşlar üçün digər sosial proqramlar var”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti 2024-cü il üçün ehtiyac meyarı həddini təsdiq edib. Belə ki, gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Qeyd edək ki, ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.
Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.
Görəsən, işləməyən, heç bir yerdən gəliri olmayan ailələr ünvanlı sosial yardım ala biləcəkmi?
“Azərbaycanda ünvanlı dövlət sosial yardımı ehtiyac meyarı nəzərə alınaraq verilsə, çox ailələr bu yardımdan…”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda ünvanlı dövlət sosial yardımı ehtiyac meyarı nəzərə alınaraq verilsə, çox ailələr bu yardımdan bəhrələnər: “Məlumdur ki, adında hətta köhnə, işləməyən avtomobili olanlara ünvanlı sosial yardım təyin olunmur. İlk olaraq ailənin evinə baxılır, yaşadığı şəraiti qiymətləndirilir və sair. Ehtiyac meyarı artdıqdan sonra sosial yardım da təxminən 5 faiz civarında artır. Ünvanlı sosial yardım işləyən vətəndaşlar üçündür. O da bəllidir ki, işləməyən ailələr və eyni zamanda işsiz olan vətəndaşlar üçün digər sosial proqramlar var. Özünəməşğulluq və işsizliyə görə müavinətlərin ödənilməsi proqramı və s. Bu baxımdan, işsiz olan və ya ailə üzvü olmayan vətəndaşlar sosial proqramlara müraciət edərək dövlət büdcəsindən yardım ala bilərlər. Gerçəkləşdirilən bütün layihələrə baxmayaraq, ölkəmizdə işsizlik problem olaraq qalmaqdadır. Məlumdur ki, hazırda sosial yardımın verilməsi üçün müraciətlərə onlayn formada baxılır. Problemi kökündən həll etmək üçün ilk növbədə normal maaş verən iş yerlərinin sayı sürətlə artırılmalıdır. Belə olsa, əhalinin də ünvanlı sosial yardıma ehtiyacı qalmaz”.
Günel CƏLİLOVA