Zelenskinin Gürcüstana həmləsi Azərbaycanın da üzv olduğu Avropa platformasını sona yetirdi...
Qulamhüseyn Əlibəyli: “Ukraynanın verdiyi qərar əslində Aİ-nin sifarişidir”
Prezident Zelenski Gürcüstanın 20 vətəndaşının Ukraynaya girişinə, biznes fəaliyyəti ilə məşğul olmasına, əmlak satın almasına qadağa qoyulmasını, eləcə də maliyyə aktivlərinin dondurulmasını əhatə edən fərman imzalayıb.
Ukrayna mediası yazır ki, sanksiyalar Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili, hazırkı baş nazir İrakli Kobaxidze, daxili işlər naziri Vaxtanq Qomelauri və digər şəxslərə tətbiq olunacaq: “İndilərdə əmr imzaladım və əmrə əsasən Milli Təhlükəsizlik Şurasının sanksiyalarla bağlı qərarı qüvvəyə minəcək. Bu sanksiyalar Gürcüstan hakimiyyətində ölkəni Putinə təhvil verənlərə tətbiq olunacaq. Ukrayna şəxsən İvanişviliyə və onun həmfikirlərinə – 19 nəfərə qarşı sanksiyalar tətbiq edib. Məhz Gürcüstanın və xalqın maraqlarını satanlara. Biz Avropanı, Amerikanı, dünyadakı hamını eyni şəkildə hərəkət etməyə, prinsipial olmağa çağırırıq”.
Zelenskinin Gürcüstanla bağlı bu qərarı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının artıq büsbütün bitməsi deyilmi? Çünki Ukrayna ilə Gürcüstan bu proqramın üzvüdür. Orada 6 ölkə - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna təmsil olunur. O baxımdan bu hadisə bir daha sübut etmədimi ki, “Şərq tərəfdaşlığı” deyilən bir şey artıq yoxdur? Halbuki, bu günlərdə İrəvanda səfərdə olan Polşa prezidenti Duda demişdi ki, biz bu proqramın fəaliyyətini bərpa etməyə çalışırıq. O üzdən bu, mənasız bir şey üçün çalışdıqlarını göstərmirmi?
“Bu hadisələrdən sonra “Şərq tərəfdaşlığı” proqramı praktiki olaraq mövcud olmayacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, “Şərq tərəfdaşlığı” proqramı postsovet ölkələrinin Avropaya inteqrasiyasını özündə ehtiva edirdi: “Bu proqram hər bir ölkə üçün ayrıca inteqrasiyanı nəzərdə tutan bir proqram idi. Bu proqramda hər bir ölkə üçün ayrıca, xüsusi təkliflərin qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi öz əksini tapmışdı. İlkin dövrlərdə “Şərq tərəfdaşlığı” proqramı çox cəlbedici idi. Sovet rejimindən çıxan ölkələrin Avropa dəyərlərinə yönləndirilməsi istiqamətində doğrudan da müəyyən qədər işlər görülmüş oldu. Sonradan Aİ rəsmilərinin özlərinin də etiraf etdiyi kimi, digər ölkələrə münasibətdə Avroittifaq bir növ hakim mövqe tutmağa başladı. Hər hansı bir tədbiri diqtə etməklə öz işini bitmiş hesab etdi. Düzdür, həmin ölkələrə müəyyən yardımlar, qrantlar ayrılırdı. Ancaq eyni zamanda bunun müqabilində əhəmiyyətli dərəcədə təzyiq göstərilirdi ki, dövlətlər məhz onların istədiyi kimi hərəkət etsin. Bu da istər-istəməz müəyyən narazılığa gətirib çıxarırdı. O baxımdan, əslində bu tərəfdaşlıq proqramı faktiki olaraq dayanıb. Qrantlarla bağlı müəyyən problemlər var idi və sonra faktiki olaraq bunu dayandırdılar. Gürcüstanda hələ məlum hadisələr başlamazdan əvvəl bu ölkə müəyyən qanunvericilik aktlarının qəbulu ilə bağlı addımlar atdı. Bundan sonra Aİ-dən Gürcüstana təzyiqlər artmağa başladı. Daha sonra verilən qrantları kəsdilər. Bu gün də Gürcüstana münasibətdə sanksiyaların qəbul edilməsi gündəmdədir. Avropa Parlamentinin bununla bağlı qərarı var. O cümlədən, artıq Aİ-yə daxil olan dövlətlərin də ayrı-ayrı qərarı var. Ukraynanın verdiyi qərar əslində Aİ-nin sifarişidir. Bununla Aİ Gürcüstana demək istəyir ki, dediyimizi etməsən zor dilində danışarıq. Çox güman ki, bu hadisələrdən sonra “Şərq tərəfdaşlığı” proqramı praktiki olaraq mövcud olmayacaq. Azərbaycan Aİ-nin diqtəsi ilə hərəkət etmir. Ermənistanla münasibətlər hələ ki, yaxşıdır. Çünki Ermənistan onların dediyi ilə oturub-durur. Ukraynadakı vəziyyət də xeyli problemlər yaradıb. Bu baxımdan hesab edirəm ki, “Şərq tərəfdaşlığı” proqramının bundan sonra davam etdirilməsinə xüsusi ehtiyac yoxdur. Gələcəkdə münasibətlər normallaşandan, xüsusən Rusiya-Ukrayna müharibəsi bitəndən sonra proqramın fəaliyyətinin bərpası mümkün ola bilər”.
Vidadi ORDAHALLI