Blinkenin budəfəki cəhdi alınmadı - Ceyhun Bayramov dövlət adından düz etdi...
Təbriz Musayev: “Bayramovun Blinkenin vasitəçiliyindən imtina etməsi doğru addım idi”
ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur. Diplomatik mənbələrdən bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür. Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.
“Antiterror əməliyyatlarından sonra ABŞ-ın Azərbaycana münasibətdə qərəzli yanaşmaları özünü daha çox göstərib”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, prinsipcə, Azərbaycanın bundan imtina edəcəyi gözlənilən idi: “Bunu şərtləndirən bir sıra faktorlar vardır. Birincisi, Bayden administrasiyası ermənipərəst mövqe sərgiləyib. Xüsusən də 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra ABŞ-ın Azərbaycana münasibətində qərəzli yanaşmalar özünü daha çox göstərib. Həm Bayden administrasiyası, həm Konqres Azərbaycana qarşı bir sıra çağırışlarla çıxış edib qərəzli mövqe sərgiləyiblər. Dövlət Departamentini təmsil edən rəsmilərin Azərbaycan tərəfi ilə danışıqları gərgin atmosferdə keçib. Hətta bir ara istədilər ki, Azərbaycana qarşı bir sıra sanksiyalar qəbul etsinlər. İkincisi, Bayden administrasiyası Ermənistana iqtisadi yardımları artırıb. Hətta Birləşmiş Ştatlarla Ermənistan arasında hərbi əməkdaşlıq da müxtəlif formada özünü göstərməyə başladı. Müdafiə nazirlikləri səviyyəsində səfərlərdən tutmuş, birgə hərbi təlimlərin keçirilməsinə qədər. Halbuki, Ermənistan KTMT üzvü olduğu üçün ABŞ bunu nəzərə almalı idi. Üçüncüsü, Azərbaycanla Ermənistan arasında indiki dövrdə sülh sazişi imzalansa, bu, Bayden administrasiyasının aktivinə yazılacaq. Nəzərə alsaq ki, hazırkı komanda Azərbaycan-Ermənistan münasibətləri konteksində ölkəmizə qarşı qərəzli mövqedən çıxış edir, o zaman Baydenə niyə belə bir tarixi şans verək ki? Dördüncüsü, Azərbaycan neçə müddətdir vasitəçi olmadan Ermənistanla aparılan danışıqlara önəm verir. Praktika da göstərir ki, ikitərəfli çərçivədə aparılan danışıqlar daha səmərəlidir, nəinki hansısa vasitəçinin iştirakı ilə aparılan danışıqlar. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Bayramovun Blinkenin vasitəçiliyindən imtina etməsi doğru addım idi”.
Vidadi ORDAHALLI