Rusiya-Ukrayna müharibəsi qızışır - Rusiya Ukraynaya bomba yağdırır, ukraynalılar isə Kurskda irəliləyir...
Rusiya-Ukrayna müharibəsində qarşıdurmalar günü-gündən artır. Rusiya son zamanların ən sıx hava hücumu ilə Ukraynanın enerji infrastrukturunu hədəf aldıqdan sonra hücumlarını davam etdirir. Rusiya təyyarələri Ukraynadakı hədəflərə hipersəs raketləri ilə zərbələr endirir.
Ukrayna hava hücumundan müdafiə qüvvələri isə ölkənin ballistik silah hücumu təhlükəsi altında olduğunu bəyan edib.
Bu arada, Ukrayna Rusiyanın Kursk vilayətində 100 yaşayış məntəqəsini ələ keçirdiklərini açıqlayıb. Ukrayna Baş Qərargahının rəisi, general Aleksandr Sırski bəyan edib ki, Ukrayna silahlı qüvvələri Kurskda irəliləməyə davam edir.
İki il yarımdır Rusiya qüvvələrinə qarşı döyüşən Ukrayna avqustun 6-da Rusiya sərhədləri daxilində hərbi əməliyyata başlayıb və Rusiyanın Kursk bölgəsinə daxil olub.
Sırski, Kursk bölgəsində 594 rus əsgərini əsir aldıqlarını və 100 yaşayış məntəqəsini ələ keçirdiklərini söyləyib. O, həmçinin Rusiyanın Ukraynanın Pokrovsk cəbhəsinə təchizat yollarına hücum etdiyini deyib və bu cəbhədə vəziyyətin ümumiyyətlə çətin olduğunu bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski isə Qərb müttəfiqlərini, o cümlədən Britaniya, ABŞ və Fransanı qaydalarını dəyişməyə və Ukraynanın Rusiyanın daha da dərinliklərinə zərbələr endirməsi üçün raketlərin istifadəsinə icazə verməyə çağırıb. Zelenski həmçinin, Rusiyaya cavab tədbirləri hazırladıqlarını və Qərb ölkələrindən alınan F-16 döyüş təyyarələrinin də planlaşdırılan əməliyyata daxil ediləcəyini bildirib.
TAHİR