"Novostroyka" tikənlər camaatın evlərini özbaşına sökməyə başlayıblar...
Elnur Fərzəliyev: “Vətəndaşı məcburi formada evindən çıxararaq evini sökmək olmaz”
Son günlər ölkədəki tikinti şirkətləri, onların rəhbərləri barədə qanun pozuntuları əsas müzakirə obyektinə çevrilib.
Xatırladaq ki, ötən həftə ərzində MTK-lardan biri vətəndaşın evini başına uçurdu, iyulun 4-ü gecə saatlarında Yasamalda MTK-nın vətəndaşın əmlakını yerlə bir etməsi və iyulun 7-si paralimpiyaçı Ramin Əliyevin Sumqayıt şəhəri Nizami küçəsində yerləşən binanın tikinti şirkəti tərəfindən uçurulması və sakinlərin təhdid edilməsi ilə bağlı açıqlaması bu istiqamətdə təcili işlər görülməsinə ehtiyac olduğunu bir daha göstərir.
“Rəsmi qurumlar tərəfindən vətəndaşlara zəmanət verilməlidir ki, sizin mənziliniz bu tarixdə sökülüb və hər hansı bir tarixdə sizə təhvil veriləcək, əksər hallarda….”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, vətəndaş çıxarışı olmayan bir ünvanda yaşayırsa və daimi yaşamaq hüququ varsa, artıq həmin əmlak o şəxsin mülkiyyətidir: “Yaşayış massivi olan ərazilərin sökülməsi üçün tikinti şirkətləri İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyindən rəsmi sənədlər toplayırlar. Bütün qurumlardan rəsmi sənədlər toplandıqdan sonra həmin ərazinin sökülməsinə başlanılır. Həmin ərazilərin qəzalı olması ilə bağlı rəy olmalıdır. Əgər rəy varsa, həmin ərazidən vətəndaşlar mütləq şəkildə köçürülməlidir. Vətəndaşı məcburi formada evindən çıxararaq evini sökmək olmaz. 2040-cı ilə kimi Bakının baş planı artıq hazır vəziyyətdə olacaq. 2040-cı ilə qədər həmin qəzalı vəziyyətdə olan və yaxud istismar müddətini bitirmiş yaşayış massivləri təmizlənməli, yeni tikili binalarla əvəzlənməlidir. Bu məsələlərdə vətəndaşlarla müəyyən maarifləndirmə işləri aparılmalıdır. Rəsmi qurumlar tərəfindən vətəndaşlara zəmanət verilməlidir ki, sizin mənzilin bu tarixdə sökülüb və hər hansı bir tarixdə sizə təhvil veriləcək. Əksər hallarda vətəndaşlara rəsmi qurumlar tərəfindən zəmanət verilmədiyi üçün həmin şəxslərdə tikinti şirkətlərinə qarşı etibarsızlıq yaranır”.
Günel CƏLİLOVA