Xaricdən ət idxalı artdıqca qiyməti də qalxır - bu nədir?...
Akif Nəsirli: “Qiymət artımı daha çox topdansatış məntəqələrində özünü göstərəcək”
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 16 min 738 ton miqdarında ət idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu miqdarda məhsulun dəyəri 36 milyon 503 min ABŞ dolları olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 477 ton (17,3%), dəyər ifadəsi ilə 11 milyon 567 min ABŞ dolları (46,3%) çoxdur. Ötən ilin müvafiq dövründə ət idxalının miqdarı 14 min 261 ton, dəyəri isə 24 milyon 936 min ABŞ dolları olub.
Hesabat dövründə xaricdən alınan ətin bir kiloqramı üçün orta qiymət 2,18 ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,44 ABŞ dolları bahadır. Ötən ilin eyni dövründə bu qiymət 1,74 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, cari ilin ilk dörd ayında idxal olunan ət ümumi idxalın 0,67 faizini təşkil edib.
Bəs, idxalda artan qiymət ölkəmizin ət bazarına necə təsir edəcək?
“Ətdən hazırlanan kolbasa, sosiska və digər məhsulların satış qiyməti yüksələcək”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, idxal ət pərakəndə qəssabxanalarda satılan ətin qiymətinə o qədər də təsir etmir. Çünki həmin ət müxtəlif təyinatlar üzrə istifadə olunur. Özəl və çoxsaylı heyəti olan müəssisələr tərəfindən həmin ət alınaraq istehlak edilir. Eyni zamanda, ət məhsullarında (kolbasa, sosiska) idxal ətdən geniş istifadə olunur. Bu səbəbdən də idxal olunan ətin qiymətinin qalxması daha çox ət məhsullarının qiymətinə təsir edəcək. Ətdən hazırlanan bütün məhsulların satış qiyməti yüksələcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda ət bazarında bahalaşma müşahidə olunur: “Son 5 ay ərzində qəssabxanalarda ətin 1 kiloqramının qiyməti 1 manat 50 qəpik bahalaşıb. Bu da ölkədə ətin qıtlaşması ilə bağlıdır. Məlumdur ki, Gürcüstandan ölkəmizə diri heyvan idxalı dayanıb. Gürcüstandan gətirilən heyvan ətlərinin Azərbaycan bazarında xüsusi rolu var idi. Ona görə də ətin qiyməti yüksəlməkdə davam edir. Qarşıdakı iki həftə ərzində ətin satış qiyməti daha da artacaq. Qiymət artımı daha çox topdansatış məntəqələrində özünü göstərəcək”.
Günel CƏLİLOVA