Lavrov Qərbi təhdid etdi - Ukrayna münaqişəsini döyüş meydanında həll etmək istəyirsə, biz hazırıq...
Fransa prezidenti Makronun Ukraynaya qoşun yeritmək təklifi ətrafında müzakirələr davam edir. Bununla bağlı açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç bir ad çəkmədən yenidən Qərbi hədəfə alıb.
Lavrov təhdidlə çıxış edərək bildirib ki, Qərb Ukrayna adından cəbhədə vuruşmaq istəsə, Rusiya buna hazırdır. Rusiyalı nazir bildirib ki, Qərb ölkələri Ukrayna böhranını əsgər göndərməklə həll etmək istəyirlərsə, döyüş meydanında olmaq istəyirlərsə, bu onların haqqıdır.
Lavrov bu bəyanatı onun yenidən xarici işlər naziri vəzifəsinə təyin edilməsi məsələsinin müzakirə olunduğu Rusiyanın Federasiya Şurasının iclasında verib.
"Qərb Ukrayna münaqişəsini döyüş meydanında həll etmək istəyirsə, o zaman bu, döyüş meydanında baş verəcək" bildirən Lavrov, Rusiyanın danışıqlara təkcə sözdə deyil, həm də əməldə hazır olduğunu deyib. “İstanbulda sənədin paraflanması və bununla xüsusi hərbi əməliyyata son qoyulmasının bir addımında idik, bunu Ukraynanın sponsorları etiraf edirlər, bu, həqiqətən Ukrayna üçün çox əlverişli şərtlərlə baş verəcəkdi. Bunu politoloqlarımız da deyirlər. Mən bununla razıyam” – deyə Lavrov bildirib.
Onun sözlərinə görə, bu, Rusiya rəhbərliyinin “Qərbin çoxsaylı aldatmalarına baxmayaraq, yenə də inanmaq və xoş niyət nümayiş etdirmək qərarına gəldiyi” sonuncu hadisə idi: “Yenə aldatdılar. Yenə müharibəyə məcbur edildik”.
Kreml əvvəllər də NATO qoşunlarının Ukraynaya göndərilməsinin son dərəcə təhlükəli ola biləcəyini açıqlamışdı.
TAHİR