Kreditlərə faiz qadağası - 0,3 faizdən çox ola bilməz...
Fuad İbrahimli: “Yeni tələblər istehlakçı hüquqlarının qorunmasına da xidmət edir”
Bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən, BOKT-lərin nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb. BOKT-ların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib.
Dəyişikliyə görə, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün olmaqla nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0.3 faiz müəyyənləşdirilib. Qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0.3 faizlə limitləndirilib.
Rəsmi statistikaya görə, hazırda ölkəmizdə 50-dən çox BOKT mövcuddur. Onların nizamnamə kapitalının həcmi təxminən 230 milyon manat təşkil edir. Cəmi kapital portfeli isə 460 milyon manatdan çoxdur və kredit qoyuluşu 688 milyon manata bərabərdir.
Maraqlıdır, BOKT-lərlə bağlı dəyişikliklər nəyə hesablanıb? Bu addım bazarın strukturunda nələri dəyişəcək və qeyri-bank təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək?
“Kreditlərə gündəlik faiz dərəcələri ilə bağlı limit tətbiq olunması həm də problemli kreditlərin qarşısının alınması istiqamətində müsbət nəticələr verə bilər"
İqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, maliyyə bazarlarına mütləq nəzarət olunmalıdır: "Danılmaz faktdır ki, bu gün ölkəmizdə kifayət qədər BOKT fəaliyyət göstərir. Onların fəaliyyəti bankların fəaliyyəti ilə eyni deyil. Bu təşkilatların daha rahat, eyni zamanda da daha yüksək faiz dərəcələri ilə kredit vermək imkanları var. Bu qəbildən olan fəaliyyət növlərinə mütləq nəzarət olunmalıdır. Çünki iqtisadiyyat genişləndikcə kreditlərə tələbat artır. Bu sektorun tənzimlənməsi ancaq işin sağlamlaşdırılmasına gətirib çıxaracaq".
Ekspert hesab edir ki, yeni tələblər istehlakçı hüquqlarının qorunmasına da xidmət edir: "Bu dəyişikliklər Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub. Qaydalarda keyfiyyət xarakterli tələblər müəyyən edilib. Qaydalarda ilk dəfə qısamüddətli "gündəlik" kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib. Bu, çox önəmli məsələdir. Vətəndaşların mənafelərinin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Kreditlərə gündəlik faiz dərəcələri ilə bağlı limit tətbiq olunması həm də problemli kreditlərin qarşısının alınması istiqamətində müsbət nəticələr verə bilər".
Günel CƏLİLOVA