Ərdəbilin mollası İran rejimini pis duruma saldı - konkret şərt qoyulub...
Azər Həsrət: "Fikrimcə, əlbəttə, bu işin arxasında İran dövləti var"
Bu günlərdə İranın Ərdəbil əyalətinin imam-cüməsi Həsən Ameli rəsmi tədbirdə çıxışı zamanı Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqiramiz ifadələr işlətmişdi. İran rəhbərliyi isə qeyri-adekvat olaraq buna yalnız XİN səviyyəsində təəssüfləndiyini bildirib, heç bir əməli tədbir görməyib.
Azərbaycan Prezidenti İlham Əliyev televiziyaya müsahibəsində İranın əyalət mollası Həsən Amelinin dəfələrlə Azərbaycana qarşı təhqiramiz ifadələr işlətməsi və son günlər Ərdəbildə canlı yayımlanan tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinə və xalqlarına qarşı səsləndirdiyi təhqirlərə kəskin reaksiya verərək deyib: "Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana qarşı təhqiramiz ifadələr işlədib. Onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir? Axı, o özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir? O bunu dəstəkləyir, yoxsa yox?! İranın Xarici İşlər Nazirliyinin açıqlaması kifayət deyil. Əyalət mollası cəzalandırılmalıdır, vəzifədən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir!".
Bu qalmaqalı doğrudanmı İran hakimiyyəti təşkil edib, yoxsa mölla sadəcə rejimə yarınmaq istəyib?
Baki-xeber.com saytının bu sualını şərh edən politoloq Azər Həsrət bildirdi ki, Həsən Ameli birinci dəfə deyil ki, Azərbaycana dil uzadır, Azərbaycan ictimaiyyəti bu mollanı yaxşı tanıyır: "Xatırlayırsınızsa, hələ ikici Qarabag müharibəsindən əvvəl də bu molla ağzını "allahyolu" qoyub dövlətimizə ədəbsiz şəkildə dil uzatmışdı ki, Qarabağı güc yolu ilə azad etmək olar, amma Azərbaycanda o güc və o qeyrət yoxdur. Təbii ki, biz həmin vaxt onun cavabını sözlə, daha sonra isə 44 günluk müharibə ilə verdik. Azərbaycan öz gücünə torpaqlarını azad etdi, amma bu molla o əməlinə görə Azərbaycan xalqından üzr istəmədi - səhvini düzəltmədi. İndi isə daha irəli gedərək Azərbaycanın və qardaş Türkiyənin prezidentini açıq səkildə təhqir edib. Bu işin pis tərəfi də odur ki, o təhqirlər peyk üzərindən İran televiziyasının canlı efirindən bütün dünyaya yayımlanıb. Bunun təşkilatçısı Həsən Ameli adlanan əyalət mollası deyil, İran hökumətidir. Cənab prezident də bu məsələni qaldırır ki, əgər İran dövləti bu işin arxasında deyilsə, səhvi düzəltsin - biz ona bu şansı veririk.
Fikrimcə, əlbəttə, bu işin arxasında İran dövləti var. Bunun əksi olsaydı, bugünə qədər Həsən Ameli çoxdan tənbeh edilərdi.
İkincisi, əgər işin arxasında İran dövləti olmasaydı, tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin təhqir edilməsi ayini televizyanın canlı efirində verilməzdi.
Həsən Ameli adlanan adam İran rejiminin sadəcə kiçik bir vintciyidir, alətidir. O, rejimin tapşırıqlarını yerinə yetirir. Həsən Ameli azərbaycanlı - türk olduğunu iddia edir, Ərdəbil əyalətinin inam-cüməsidur. Ərdəbil isə qədim Azərbaycan torpağıdır. Görürsünüzmü, İran dövləti bizi hardan və necə vurmaq istəyir. Onlar milli dəyərlər, din və məshəb üzərində çıxış edərək öz çirkin məqsədlərinə nail olmaq istəyirlər. Ona görə də prezident İlham Əliyev deyir ki, əgər bu işin arxasında dövlət yoxdursa, biz İran dövlətinin məsələyə davranışlarını görmək istəyirik. Buyursunlar, izahat versinlər və bu Həsən Ameli adlı mollanın çirkin fəaliyyətinə son qoyulsun. Yəni o, ən azı dövlət görəvindən alınmalıdır ki, bir daha belə səhvləri dövlət adından edə bilməsin. Bunu etsə, İran göstərmiş olardı ki, Azərbaycanla normal münasibətlər qurmaqda maraqlıdır. Lakin İran bunu göstərmək istəmir. O halda Azərbaycan tərəfinin də mövqeyi buna uyğun olacaq.
Düşünürəm ki, bu prosesdən uduşlu çıxan yenə Azərbaycan Respublikası olacaq. Hazırda İran zatən çöküşə gedir, qoy bu tərəfdən də itirsunlər..."
Dəniz NƏSİRLİ