10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...
Mətin Məmmədli: “Bu sualların cavabı Rusiya tərəfindən doğru-düzgün verilməlidir”
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulduğu artıq rəsmi şəkildə bəyan edilib. Nəticədə insan tələfatı da baş verdi, ağır yaralananlar da oldu. Bir sözlə, böyük insan faciəsi yaşandı. Baş verən olayla bağlı hazırda rəsmi səviyyədə tədqiqat işləri davam etdirilir və hər kəs tədiqatların nəticəsini, eləcə də “qara qutulardan” çıxan məlumatları gözləyir.
Bu məsələnin şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətində olduğu da məlumdur.
Yanvarın 6-da Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə bu barədə ətraflı danışıb. Prezident Əliyev çıxışında bildirib: “...Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək...”
Hadisədən 10 gün əvvəl AZAL-ın başqa bir təyyarəsi oxşar vəziyyətdə geri qaytarılmışdı. Bu dəfə niyə geri qaytarmayıblar? Niyə təhlükə barədə pilotlara xəbərdarlıq edilməyib?
“Bizim əsas iki gözləntimiz hələ də qalmaqdadır”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumiyyətlə, Rusiya hava məkanında mülki təyyarəmizin faciəvi qəzası ilə bağlı bu ölkəyə ünvanlanan çoxlu cavabsız suallar var: “Amma təəssüf ki, bugünə qədər Rusiya tərəfə ünvanlanan sualların əksəriyyəti bu ölkənin dövlət orqanları tərəfindən adekvat cavablandırılmayıb. Bizə vaxtında doğru-düzgün cavab verilməyib. Bu sualların bəzilərini də siz qeyd etmisiniz. Həqiqətən də nəyə görə bu qəza baş verməmişdən 10 gün əvvəl AZAL-a məxsus təyyarə geri qaytarılıb, ancaq dekabrın 25-də geri qaytarılmayıb? Nə üçün bu barədə pilotlara xəbərdarlıq edilməyib? Digər suallar da var. Nəyə görə vurulmuş təyyarəmizə (belə təxmin edək ki, səhvən vurulub-M.M) yaxınlıqdakı aeredromlara eniş zolağı verilməyib? Bu sualların cavabı Rusiya tərəfindən doğru-düzgün verilməlidir. Biz də Rusiyadan bunu gözləyirik. Həqiqətən də, çox ağır faciə baş verib. Hər halda biz şahidi olduq ki, Azərbaycan xalqı nə dərəcədə bu hadisədən, bu faciədən sarsıldı. Rusiya bir çox məqamları nəzərə almalıdır. Təbii ki, ilk növbədə Rusiya dövləti beynəlxalq hüquq normalarına uyğun davranmalı idi. Yəni təyyarə səhvən vurulmuşdusa bu səhv vaxtında dövlət səviyyəsində etiraf olunmalı, qısa müddət ərzində üzr istənilməli, lazımı addımlar atılmalı idi. Faciə qurbanlarına və Azərbaycan dövlətinə təzminat ödənilməli, günahkarlar nəhayət ki, öz cəzasını almalı idi. Biz bunları yenə də gözləyirik. Əlbəttə, bizim əsas iki gözləntimiz hələ də qalmaqdadır”.
M.Məmmədli qeyd etdi ki, birinci gözləntimiz Rusiya dövlətinin günahkarları cəzalandırması, ikincisi isə təzminatın ödənilməsidir, bu istiqamətdə konkert addımlar atılmalıdır. “Bu addımlar atılmayacaqsa, hesab edirəm ki, bu, iki ölkə arasındakı münasibətlərə olduqca neqativ təsir göstərəcək. Yəni bunu Rusiya hakimiyyəti də, Rusiya dövləti də nəzərə almalıdır. Azərbaycan dövləti, Prezident həmişə milli maraqlardan çıxış edib və milli maraqlara əsaslanan prinsipial xarici siyasət həyata keçiririk. Bu səbəbdən də belə məsələlərdə birbaşa millətimizin milli mənafeyinə, maraqlarına aid olan məsələlərdə də Rusiya tərəfi, yaxud hansısa dövlət gözləməməlidir ki, Azərbaycan dövləti hansısa bir güzəştli mövqe nümayiş etdirəcək. Prezidentin də son çıxışından aydın oldu ki, sona qədər Azərbaycan dövləti bu məsələdə öz prinsipial mövqeyini davam etdirəcək. Düşünürəm ki, hər halda Rusiya hakimiyyəti də, Rusiya prezidenti də Azərbaycan dövlətinin mövqeyini nəzərə alıb, nəhayət rasional davranış nümayiş etdirəcək, rasional addımlar atacaq. Əks halda, qeyd edildiyi kimi, bu, iki ölkə arasındakı münasibətlərə neqativ təsir göstərəcək”-deyə M.Məmmədli qeyd etdi.
İradə SARIYEVA