Əhalinin bank əmanətlərində gözlənilməz artım - nə baş verib?..
Üzeyir Davudov: “Əmanətlərin sığortalanması insanların banklara olan inamını daha da artırıb”
Əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 2024-cü il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 14266,0 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumatda qeyd edilir ki, əmanətlərin 66,5 faizi milli, 33,5 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,5 faiz artıb.
Maraqlıdır, əmanətlərin artmasının səbəbi nədir, əhalinin banklara inamı artıb, yoxsa faizlər yüksəkdir?
“Əmanətlərin həcminin artmasına səbəb əmanət üzrə faizlərin artmasıdır”
Maliyyə sahəsi üzrə mütəxəssis Üzeyir Davudov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əmanətlərin həcminin artmasına səbəb əmanət üzrə faizlərin artmasıdır: “Bu gün Azərbaycanda sahibkarlıq üçün əlverişli mühit yoxdur. İnsanlar pullarını başqa hara yerləşdirsinlər, əlində artıq pulu varsa neyləsin? Biznesə pul yatırsa, Azərbaycanda biznesə yatırım qoymaq əlverişli deyil. Çünki inhisarçılıq meylləri var. Ona görə də yeganə investisiya yeri banklardır. Onu da deyim ki, manatla əmanətlər gəlirlilik baxımından daha sərfəlidir. Əvvəllər əhali vəsaitlərini manatla saxlamırdı, çünki Azərbaycan valyutasına inam az idi. İndi isə manata inam güclənib. Həmçinin, əmanətlərin sığortalanması insanların banklara olan inamını daha da artırıb. Əmanətlərin artmasına səbəb ilk növbədə sığorta mexanizminin normal şəkildə işləməsidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, il ərzində əmanətlərin həcmi artır və ya azalır: “Bunun müxtəlif səbəbləri var. Əmanətlərin həcminin azalması adətən mövsümlə əlaqəli olur. Belə ki, yay fəslində kimsə harasa istirahətə gedir, hansısa ödənişi üçün pulunu çıxarır və s.
Ümumiyyətlə, bank depozitlərinin həcminin artması bankların daha çox kredit vermə imkanlarını da stimullaşdırır. Ona görə də bank sektorunda rəqabətin güclənməsinə, xüsusən də konservativ siyasətdən mərhələli şəkildə daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var”.
Günel CƏLİLOVA