Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...
Hüseyn İbrahimov: “Elə ilk vaxtdan məlum oldu ki, Rusiya tərəfi hadisəyə obyektiv yanaşmaq istəmir”
“Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik”.
Bunu Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.
Ölkə başçısı qeyd edib ki, biz onilliklər ərzində bu strukturla əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub: “Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq”.
“Səhvlərini etiraf edib üzr istəmək əvəzinə, spekulyativ xarakterli informasiyalar yaymağa başladılar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, Rusiya tərəfinin ilk dövrlərdə sərgilədiyi mövqe Dövlətlərarası Aviasiya Komitəsinə etimadı sarsıtdı: “Məsələ ondadır ki, hadisədən dərhal sonra Rusiya mediası, bəzi rəsmi dairələr məsələni başqa tərəfə yönəltməyə çalışdılar. İctimaiyyətdə belə rəy yaratmağa çalışdılar ki, guya təyyarə quş sürüsü, hava balonunun partlaması və pilotların səriştəsizliyi üzündən qəzaya uğrayıb. Açıq görünürdü ki, məqsədyönlü şəkildə qəzanın əsl səbəblərini gizlətməyə çalışırlar. Halbuki, ilkin olaraq ortada ciddi məlumatlar var idi. Ən azından video və fotolar göstərirdi ki, təyyarə yerdən vurulub. Təyyarənin qanadlarında qəlpə izləri var. Bununla yanaşı, ekipaj üzvlərinin bir qismi xilas olduğu üçün onların verdiyi ilkin ifadələr təyyarənin kənardan vurulduğunu göstərirdi. Biz demirik təyyarə bilərəkdən vurulub. Ancaq fakt ondadır ki, vurulub. Səhvlərini etiraf edib üzr istəmək əvəzinə, spekulyativ xarakterli informasiyalar yaymağa başladılar. Elə ilk vaxtdan məlum oldu ki, Rusiya tərəfi hadisəyə obyektiv yanaşmaq istəmir. Belə olan halda, əlbəttə ki, Dövlətlərarası Aviasiya Komitəsinə etibar etmək olmazdı. O üzdən, Prezident Əliyev doğru olaraq “qara qutu”ların şifrəsinin açılması prosesinin Braziliyada aparılmasına qərar verdi”.
Vidadi ORDAHALLI