Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...
Ramil Hüseynov: “Qurumlar arasında koordinasiya olsaydı, təyyarəmiz vurulmazdı”
“Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, bu faciə baş verməzdi”. Bunu Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.
Daha sonra dövlət başçısı bunları qeyd edib: “Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik. Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi”.
Görünən odur ki, Rusiyanın mülki və hərbi strukturları arasında koordinasiyanın zəifliyi üzündən məlum hadisə baş verib.
“Məlum hadisə Rusiyanın hava məkanına olan etibarı sarsıdıb və bir sıra ölkələr bu səbəbdən bu ölkəyə uçuşları dayandırıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Rusiya müharibə aparan ölkə olaraq bunu nəzərə almalı idi: “Məsələ ondadır ki, Rusiya 2022-ci ilin fevralında hücuma başlayandan sonra Ukraynanın hava məkanı bağlanıb. Bir dənə mülki təyyarə müharibə səbəbindən havaya qalxmır. Kiyevə Avropanın dövlət başçıları qatarla səfər edirlər. Yalnız Ukraynanın məhdud sayda qırıcı təyyarələri ölkənin hava məkanından istifadə edir. Ancaq buna baxmayaraq, Rusiya ölkədəki mülki hava limanlarının fəaliyyətini məhdudlaşdırmadı. Halbuki, Ukrayna dronları Kazana, Sankt-Peterburqa qədər gəlirdi. Rusiyanın bir sıra neft emalı zavodları dron zərbələri ilə məhv edildi. Şimali Qafqaz isə coğrafi baxımdan Ukraynaya daha yaxındır, nəinki Rusiyanın digər regionları. O üzdən, Rusiyanın hərbi və mülki strukturları buna xüsusi diqqət yetirməli idilər. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsi səbəbindən Avropa öz hava məkanını Rusiya üçün bağlayıb. Afrika və Yaxın Şərq ölkələrindən Rusiyaya uçuşlar Türkiyə və Cənubi Qafqaz üzərindən həyata keçirilir. Cənubi və Cənub-Şərqi Asiya ölkələri isə Orta Asiyanın hava məkanından istifadə etməklə Rusiyaya uçuşları həyata keçirir. O baxımdan Rusiyanın hərbi və mülki strukturları Şimali Qafqazın hava məkanına xüsusi diqqət yetirməli idilər ki, mülki təyyarələr hava hücumundan müdafiə vasitələrinin hədəfi olmasın. Ona görə də, qurumlar arasında koordinasiya olsaydı, təyyarəmiz vurulmazdı. Yayılan məlumatlara görə, hava hücumundan müdafiə vasitələrinin birinci eşelonu havada mülki təyyarənin olduğunu müəyyən edib. Ancaq radioelektron mübarizə vasitələrinin aktiv fəaliyyəti üzündən bu barədə ikinci eşelona məlumat ötürmək mümkün olmayıb. Halbuki, qabaqcadan xəbərdarlıq olsaydı, bu faciədən qaçmaq olardı. Nəzərə almaq lazımdır ki, məlum hadisə Rusiyanın hava məkanına olan etibarı sarsıdıb. Bir sıra ölkələr məhz bu səbəbdən Rusiyaya uçuşları dayandırıb”.
Vidadi ORDAHALLI