Lənkəranın Liman şəhərində bərbad yolların bitməyən dərdi...
Demək olar ki, Lənkəranda son illər ən çox unudulan sahə yolların təmiridir. Lənkəranlıların bu barədə gileyi bitmir ki, bitmir. Kəndlərə gedən, eləcə də şəhərin özündə olan bərbad, yararsız yollar adamların gediş-gəlişinə artıq böyük əngəldir.
Nə qədər deyilsə də, səlahiyyət sahibləri hələlik vəziyyətdən çıxmaq üçün bir tədbir görmək fikrində deyillər. Bu da vaxtında şöhrəti dillərdə gəzən bir rayonun adına heç cür yaraşmır. Lənkəran cənub bölgəsinin mərkəzi hesab edilir. Bura ətraf rayonlara nümunə olmaq əvəzinə əksinədir.
Hər şey bir yana qalsın. 44 günlük İkinci Qarabağ müharibəsində çoxlu lənkəranlı gənc Vətən torpaqlarının azadlığı uğrunda canını fəda etdi. İndi həmin şəhidlərin xatirə şəkillərini asfaltı dağılmış, palçıqlı, çala-çuxur yollarda görən hər bir vicdanlı adamın ürəyi göynəyir. Çünki bu, şəhid adına yaraşmayan bir işdir. Elə şəhidlərin xətrinə istər kənd, istərsə də şəhər sakinləri vəsait toplayıb yolları təmir ediblər. Amma bunun ömrü o qədər çəkməyib. Həmçinin müxtəlif qazıntı işləri aparıldığına görə dağıdılıb, sonradan onu əvvəlki vəziyyətə salmaq unudulub.
Lənkəranlılar bildirirlər ki, 30 il bundan əvvəl iki ildən bir gəlib yollara asfalt döşəyir, su axarlarını qaydaya salırdılar. Son illər rayonda elə yollar var, illərdir təmir üzü görmür. Onun palçığına, toz-torpağına dözsək də, üstündə yaranan böyük gölməçələr hər an insan həyatı üçün təhlükəlidir.
Liman şəhərində yollar daha acınacaqlı vəziyyətdə düşüb. Dağılmış yollarla hazırda ətraf yerlərə çıxmaq hər adamın işi deyil. Çala-çuxurlarla hərəkət edən avtomobillər tez-tez sıradan çıxır. Dağılmış yolların başqa dərdi də vardır. Bəzi qurumlar yolları bərbad hala salır, işləri bitəndən sonra düzəltmirlər. Bəhanə gətirirlər ki, buna görə onlara vəsait ayrılmır. Məhz bu səbəbdən şəhərdə keçilməz yollar çoxdur. Sakinlər buna görə narahatlıq və qorxu keçirir. Yollarda böyük-böyük çuxurlar qazıblar, azyaşlı uşaqlar, qocalar buradan istifadə edərkən əziyyət çəkirlər. Yağış yağanda isə çuxurlar su ilə dolur və görünməz hala gəlir...
Liman camaatı halal yaşayır, öz dövlətini, şəxsən ölkə rəhbərini ürəkdən sevir və xoş gələcəyini onunla bağlayır. İstəkləri isə yalnız dağılmış yolların təmiridir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü