Yerli zeytun yağını 10 manatdan 18 manata çıxardılar...
Kamran Məmmədli: “Respublikamızda zeytun bağları genişləndirilməli və məhsul istehsalı, onun emalı üçün ciddi tədbirlər görülməlidir”
Kənd təsərrüfatının mühüm sahələrindən biri zeytunçuluqdur. Azərbaycanda zeytunçuluğun tarixi elə də qədim deyil. Belə ki, ölkədə zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilsə də, sonradan bu sahəyə diqqət bir qədər azalıb. Ancaq keçən əsrin 90-cı illərindən sonra bu sahə inkişaf etdi.
Bu gün Azərbaycanda zeytuna geniş tələbat var. Zeytunun özü ilə yanaşı, zeytun yağına da tələbat yüksəkdir. Məlumdur ki, bu gün bazarda idxal olunan zeytun yağı ilə yanaşı, yerli istehsal da var. Əhali daha çox yerli istehsala üstünlük verir. Ancaq son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,50 manat aralığında təklif olunan birlitrlik zeytun yağları isə son günlərdə 17-18 manata təklif olunur. Qiymətin bu qədər artması nə ilə bağlıdır?
“Zeytun meyvəsinin istehsalını, həm də onun emalını genişləndirə bilərik, belə olarsa qiymət sahəsində dəyişiklik olar”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hələlik zeytun yağı istehsalımız daxili tələbatı ödəmək gücündə deyil: “Zeytunçuluğun inkişafında müəyyən problemlər yaşanır. Sovet dövrü başa çatdıqdan sonra mövcud zeytun sahələrinin müxtəlif inzibati ərazi vahidlərinə düşməsi, müəyyən hissəsinin fərqli qurumlara verilməsi, Bakıətrafı kəndlərdə fərqli-fərqli təyinatlarla istifadə olunması istehsalda ciddi azalmaya səbəb olub”.
Həmsöhbətimizin sözlərinə görə, respublikamızda zeytun bağları genişləndirilməli və məhsul istehsalı, onun emalı üçün ciddi tədbirlər görülməlidir: “Bir çox ölkələrdə, xüsusilə İspaniyada zeytun bağlarının sayı həddindən çoxdur. Bu gün ölkəmizə İspaniyadan və bir çox ölkələrdən zeytun yağı idxal edilir. Halbuki, biz həm zeytunun meyvəsinin istehsalını, həm də onun emalını genişləndirə bilərik. Bunun üçün bizim kifayət qədər imkanlarımız var. Bu həm də zeytunun qiymətinə böyük təsir göstərər”.
Ekspert hesab edir ki, zeytun yığımının bir neçə ay əvvəl başa çatması qiymət artımına səbəb ola bilməz: “Xammalın tez tükəndiyini və zeytun yağının buna görə bahalaşdığını düşünmürəm. Xammal tükənsə belə, istehsalçılar bunu idxalla kompensasiya edə bilərlər”.
Günel CƏLİLOVA