Təyyarə qəzasının araşdırılmasına Türkiyə uzmanları da qarışdı...
Emin Həsənli: “Azərbaycan bütün məsələlərdə Türkiyə ilə birgə addımlayır, bizim qardaşlığımız daimidir, əbədidir”
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Məlumat üçün bildirək ki, “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyə 8 nəfərdən ibarət araşdırma qrupunu Bakıya göndərir. Qeyd etdiyimiz kimi, Azərbaycanın müraciəti əsasında Türkiyədən 8 nəfərlik ekspert qrupu gəlib və təyyarə qəzasının araşdırılmasında iştirak edəcəklər. Maraqlıdır, Türkiyə ekspertlərinin iştirakı prosesə nə vəd edir?
“Türkiyəli mütəxəssislər qısa müddət ərzində təyyarə qəzasını araşdıracaq və obyektiv nəticə ortaya çıxacaq”
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Türkiyə Azərbaycanın qardaş dövləti, strateji müttəfiqidir: “Türkiyə daim Azərbaycanın yanında olub, dəstək göstərib. Eynilə Azərbaycan da Türkiyənin çətin günlərində yanında olub. Bir neçə gün əvvəl ölkəmiz acı, kədərli xəbərlə sarsılıb. AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarə qəzasının araşdırılması ilə bağlı Türkiyədən ölkəmizə 8 nəfərlik ekspert qrupu gəlib. Hesab edirəm ki, türkiyəli mütəxəssislər qısa müddət ərzində təyyarə qəzasını araşdıracaq və obyektiv nəticə ortaya çıxacaq. Bu hal onu göstərir ki, Azərbaycan bütün məsələlərdə Türkiyə ilə birgə addımlayır, bizim qardaşlığımız daimidir, əbədidir. Bu bütün dosta, düşmənə - hər kəsə mesajdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, təyyarə qəzasında pilotların peşəkarlığı bir daha təsdiq olundu: “Azərbaycan pilotları dünyanın ən güclü pilotları sırasındadır. Mülki və hərbi aviasiya sahəsində ölkəmiz ön sıralardadır. Məlumdur ki, aviasiya sahəsi müasir texnika ilə təmin olunub. Məlum qəzanın araşdırılması obyektiv olacaq. Sonda təhqiqatın nəticələrinə uyğun addımlar atılacaq”.
Günel CƏLİLOVA